AZ

Valideyn arzuları uşaqların taleyini necə formalaşdırır? - AÇIQLAMA

Valideynlərin övladını “sənin xeyrinə, sənin üçün edirəm” anlayışı ilə yönləndirməsinə gündəlik həyatda çox rast gəlinir. Bu yönləndirmə geyimdən, qidadan, dost seçimindən tutmuş peşə seçiminə qədər uzana bilər. Normal və faydalı yönləndirmə uşağın bilik və bacarıqlarını, maraq və həvəsini nəzərə alaraq həyata keçiriləndə baş verir. Məsələn, valideyn oğlunun prokuror olmasını istəyə bilər, amma əgər uşaqda bu peşəyə maraq və qabiliyyət yoxdursa, nəticə həmişə müsbət olmur.

Bu barədə psixoloq Rafiq Allahverdiyev Missiya.Az-a danışıb.

"Valideyn uşağını yönləndirərkən onun imkanlarını, bacarıqlarını və fərdi xüsusiyyətlərini nəzərə almalıdır. Bəzən uşaqlar valideynə qulaq asır, yönləndirilməyə tabe olur və həvəs yarana bilər. Bu zaman peşə seçimində uğur da mümkündür və valideynin istiqamətləndirməsi uşağın şəxsiyyətinin formalaşmasına müsbət təsir göstərə bilər",-psixoloq bildirib.

Rafiq Allahverdiyevin sözlərinə görə, problem ondadır ki, valideyn uşağın fərdi xüsusiyyətlərini və bacarıqlarını nəzərə almadan yönləndirdikdə, uşaq uğursuzluğa məruz qala bilər. Məsələn, məsuliyyətsiz, tənbəl və ya söz saxlama bacarığı zəif olan bir uşaq, ona uyğun olmayan bir peşəyə yönəldildikdə uğur qazana bilmir və şəxsiyyətinə mənfi təsir göstərir. Bu halda uşaq həm peşədə uğursuz olur, həm də psixo-emosional sahədə problemlərlə qarşılaşır.

"Övladın valideyn gözləntilərini qarşılamaması da ciddi psixoloji nəticələrə səbəb ola bilər. Burada iki əsas vəziyyət mövcuddur. Birincisi, uşağın öz hiss etdiyi günahkarlıq – uşaq daxilən valideynin ümidlərini doğrultmadığını düşünür. İkincisi, valideynin yüklədiyi günahkarlıq – valideyn uşağa “Sən gözləntimizi doğrultmadın”, “Sən fərsiz övlad oldun” kimi ittihamlar yönəldir.

Hər iki halda uşaq ciddi əziyyət çəkir. Özünü günahkar hiss edən uşaqlarda özünə inam azalır, ruh düşkünlüyü, özünü cəzalandırma və psixoloji pozuntular müşahidə olunur. Valideyn tərəfindən ittiham edilən uşaqlarda isə daxili gərginlik və etiraz hissi yaranır. Valideynlər övladını yönləndirərkən onun müsbət tərəflərini də vurğulamalıdır. Uşaq özünü arzuolunmaz övlad kimi hiss etməməlidir. Bacarıqsızlıq və savadsızlıq hissi müəyyən qədər normaldır, lakin arzuolunmazlıq hissi ağır psixoloji problemlərə yol aça bilər. Əsas məqsəd uşağın özünü dəyərli və qəbul olunmuş hiss etməsini təmin etməkdir",- R.Allahverdiyev əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
39
missiya.az

1Mənbələr