ABŞ administrasiyası İranla bağlı mövcud vəziyyəti diplomatik yollarla nizamlamağa ümid edir.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bəyan edib və mümkün razılaşma üçün Vaşinqtonun Tehrandan gözlədiyi dörd əsas şərti açıqlayıb. Onun sözlərinə görə, İran kompromisə getməlidir, çünki ölkə iqtisadiyyatı “son dərəcə ağır vəziyyətdədir”.
Uitkoffun bildirdiyinə görə, ABŞ və İran arasında gərginliyin aradan qaldırılması üçün aşağıdakı məsələlər həllini tapmalıdır:
İranda uranın zənginləşdirilməsi üzrə normativlərin müəyyən edilməsi;
İranın raket arsenalının azaldılması;
Artıq zənginləşdirilmiş uranın hansı məqsədlər üçün istifadə olunacağının dəqiqləşdirilməsi;
İranın regional proksi qüvvələri ilə bağlı vəziyyətin tənzimlənməsi.
ABŞ prezidentinin xüsusi nümayəndəsi qeyd edib ki, İranın hazırda 3,67–60 faiz səviyyəsində zənginləşdirilmiş təxminən iki ton uranı mövcuddur. «Bu dörd problemi diplomatik yolla həll edə bilərik və bu, çox yaxşı bir həll olar. Alternativ isə pisdir», — deyə Uitkoff Floridada keçirilən İsrail–Amerika Şurasının konfransında bildirib.
Qeyd edək ki, dekabr ayının sonundan etibarən İranda milli valyutanın kəskin ucuzlaşması və qiymətlərin sürətlə artması fonunda etiraz aksiyaları davam edir. ABŞ prezidenti Donald Tramp bir neçə dəfə bəyan edib ki, əgər İslam Respublikasının hakimiyyəti etirazçılara qarşı zorakılıq tətbiq edərsə, Vaşinqton vəziyyətə müdaxilə edəcək. Daha sonra o, İranda qətllərin dayandırıldığını açıqlasa da, ABŞ-ın hərbi ssenaridən imtina edib-etmədiyini dəqiqləşdirməyib.