AZ

® Mərkəzi Gömrük Hospitalı: Yenidoğulmuşlara fasiləsiz rejimdə yüksək standartlı neonatoloji xidmətlər göstərilir

Mərkəzi Gömrük Hospitalının Neonatologiya şöbəsində yenidoğulmuşlara beynəlxalq standart və protokollara uyğun olaraq sutka ərzində fasiləsiz rejimdə neonatoloji tibbi xidmətlər təqdim olunur. Şöbənin yüksəkixtisaslı pediatr-neonatoloqları Telman Aytayev, Təranə Göyüşova, Aygün Sadıxova, Minazər Abdullayeva, Fərəh Vahabova və Nazilə Hüseynova həm sağlam yenidoğulmuşlara, həm də vaxtından əvvəl doğulmuş və ya doğuşdan dərhal sonra müxtəlif sağlamlıq problemləri ilə üzləşən körpələrə həyatlarının ilk saatlarından etibarən xüsusi diqqət və peşəkar tibbi nəzarət göstərirlər. Körpələrin sağlamlıq vəziyyəti yaxından izlənilir, fərdi müalicə və qulluq planları hazırlanaraq onların təhlükəsiz və sağlam inkişafı təmin olunur.

Həkim-neonatoloqlar yenidoğulmuşların həyatının ilk günlərində, həftələrində və aylarında onların böyümə və inkişaf dinamikasını, ümumi sağlamlıq göstəricilərini mütəmadi olaraq nəzarətdə saxlayırlar. Xüsusilə həyatın ilk günü və həftəsi körpənin gələcək sağlamlığı üçün həlledici mərhələ hesab olunduğundan həmin dövrdə aparılan müşahidə və tibbi müdaxilələr xüsusi əhəmiyyət daşıyır. Həkimlər körpələrin fizioloji və metabolik xüsusiyyətlərini nəzərə alaraq, onların tam və sağlam inkişafını dəstəkləyən effektiv tibbi strategiyalar tətbiq edirlər.

Neonatologiya şöbəsi müasir tələblərə cavab verən doğum otağı, yenidoğulmuşların fizioloji baxım, reanimasiya və intensiv terapiya otaqları ilə təchiz olunub. Sağlam yenidoğulmuşlar üçün nəzərdə tutulan müayinə paketinə pediatr, kardioloq, nevropatoloq və oftalmoloq müayinələri, ürəyin exokardioqrafiyası, baş beynin ultrasəs müayinəsi, qanın ümumi analizi, qan qrupu və rezus faktorunun, eləcə də total bilirubinin müəyyən edilməsi daxildir.

Neonatologiya şöbəsinin yüksəkixtisaslı tibb personalı yenidoğulmuşlara fasiləsiz rejimində ilkin neonatoloji yardımdan başlayaraq reanimasiya və intensiv terapiya, eləcə də kompleks tibbi yanaşma çərçivəsində geniş spektrli müalicə və müşahidə xidmətləri göstərir.

Xatırladaq ki, ötən il də yüksəkixtisaslı tibbi heyət Mərkəzi Gömrük Hospitalında dünyaya gələn üçəm körpələrə beynəlxalq klinik protokollara uyğun olaraq doğulduqları ilk andan etibarən fasiləsiz neonatoloji nəzarət və kompleks tibbi yardım göstərib.

 
Dilarə Zamanova, Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi
Seçilən
33
2
azertag.az

3Mənbələr