BAKI, 16 yanvar. TELEQRAF
Bakıda ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr olunmuş “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfrans keçirilib.
Teleqraf xəbər verir ki, tədbirdə Pəncab əyalətinin insan hüquqları və azlıqlar üzrə naziri Rameş Singh Arora və digər rəsmi şəxslər, eləcə də Kanada, Böyük Britaniya və ABŞ-də yaşayan siqh icmasının nüfuzlu nümayəndələri iştirak ediblər. Konfransa həmçinin beyin mərkəzlərinin rəhbərləri, xarici universitetlərin insan hüquqları və etnik azlıqlar sahəsində fəaliyyət göstərən alimləri, eləcə də Hindistan hökumətinin repressiv və irqçi siyasətinin birbaşa qurbanları qatılıblar.
Konfransda Hindistan hökumətinin siqhlərə və digər etnik azlıqlara qarşı sistemli şəkildə həyata keçirdiyi irqi ayrı-seçkilik, zorakılıq və repressiv siyasət müzakirə olunub. Xüsusilə Hindistanın BMT-nin “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya” və “İşgəncələrə qarşı Konvensiya” üzrə öhdəliklərini etnik azlıqlara münasibətdə kobud şəkildə pozması diqqətə çatdırılıb.
Tədbirin yekununda Bakı Təşəbbüs Qrupu və Qlobal Siqh Təşkilatları tərəfindən Siqhlərə qarşı törədilmiş zorakılıq hallarının dördüncü onillikdir davam edən cəzasızlıq hallarının aradan qaldırılmasına yönəlmiş “Beynəlxalq Fəaliyyətə Çağırış” adlı yekun sənəd qəbul edilib.
BTQ və Beynəlxalq Siqh Federasiyası siqhələrə qarşı yönəlmiş zorakılıq hallarına qarşı qlobal səviyyədə fəaliyyətə çağırış ediblər.
“Hindistanda siqhələrə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda keçirilmiş beynəlxalq konfransın iştirakçıları bu mühüm tədbirin təşkili, eləcə də Hindistanda siqhələrə hüquqlarının sistemli şəkildə pozulması məsələlərinin müzakirəsi üçün səmərəli beynəlxalq platformanın yaradılmasına görə Bakı Təşəbbüs Qrupuna təşəkkürlərini ifadə ediblər.
***
09:17
Bu gün Bakıda ilk dəfə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiyasına həsr edilmiş “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfrans keçirilir.
Teleqraf xəbər verir ki, tədbir Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutur.
Tədbirdə Pəncab əyalətinin insan hüquqları və azlıqlar üzrə naziri Rameş Sinqh Arora və digər rəsmilər, eləcə də siqh icmasının Kanada, Böyük Britaniya və ABŞ-dakı nüfuzlu nümayəndələri, beynəlxalq beyin mərkəzlərinin rəhbərləri, xarici universitetlərin insan hüquqları və etnik azlıqlar sahəsində fəaliyyət göstərən alimləri, həmçinin Hindistan hökumətinin repressiv, irqçilik və təqib siyasətinin birbaşa qurbanı olan şəxslər iştirak edir.
Konfransda Hindistan hökumətinin siqhlərə və digər etnik azlıqlara qarşı sistemli şəkildə apardığı irqi ayrı-seçkilik, zorakılıq və repressiv siyasət, həmçinin Hindistan hökumətinin BMT-nin “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”, “İrqçiliklə mübarizə üzrə beynəlxalq konvensiya” və “İşgəncələrə qarşı konvensiya” üzrə öhdəliklərini etnik azlıqlara münasibətdə kobud şəkildə pozması məsələləri müzakirə olunacaq.
Xatırladaq ki, siqhizm XV əsrdə yaranmış və doktrinasında kasta mənsubiyyətindən, cinsiyyətindən və dilindən asılı olmayaraq bütün insanlar arasında tam bərabərliyi təbliğ edir.
Bu səbəbdən siqhizm ənənəvi hindu kasta sistemini qəti şəkildə rədd edir. Hindistanda siqh icmasının sayı təxminən 25 milyondan çoxdur və onlar əsasən Hindistanın əsas kənd təsərrüfatı bölgəsi hesab edilən Pəncab vilayətində məskunlaşıblar.