AZ

İran vətəndaş müharibəsinə doğru gedir, qonşu ölkələr narahatdır TƏHLİL

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Hüseyn İbrahimov: ABŞ İranı hərbi müdaxilə ilə nəzarətdə saxlamağa çalışır, açıq savaş planı yoxdur

Yaxın Şərqin mühüm geosiyasi aktorlarından biri olan İranda baş verən son hadisələr regionda ciddi narahatlıq doğurur. Bu proseslər təkcə İranın daxili sabitliyinə deyil, eyni zamanda regional təhlükəsizlik balansına və beynəlxalq güc mərkəzlərinin maraqlarına birbaşa təsir göstərir. 

Bu kontekstdə Rusiya Prezidenti Vladimir Putinin İran Prezidenti Məsud Pezeşkian və İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparması diqqət çəkir. Kremlin mətbuat katibi Dmitri Peskovun açıqlamasına görə, Rusiya lideri günün böyük hissəsini məhz İran ətrafında yaranmış vəziyyətə həsr edib. Peskov bildirib ki, Moskva İran və ümumilikdə regionda gərginliyin azaldılmasına töhfə verməyə çalışır və Vladimir Putin bu istiqamətdə fəal diplomatik səylər göstərir. Bu təmaslar Rusiyanın İranda baş verən proseslərdə vasitəçi və sabitləşdirici rol oynamaq niyyətində olduğunu göstərir.

Politoloq Hüseyn İbrahimov Sherg.az-a açıqlamasında qonşu İrandakı vəziyyətin vətəndaş müharibəsinə doğru irəlilədiyini söyləyib:

"Aparılan təhlillər və nəşr olunan müxtəlif yazılar göstərir ki, proseslərin bu qədər genişlənməsi və qarşıdurmanın dərinləşməsi uzun illər ərzində formalaşmış, həm daxili, həm də xarici amillərin təsiri altında donub qalmış münasibətlər sisteminin nəticəsidir. Bu vəziyyət bütün qonşu ölkələri narahat edir. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, indiyədək Rusiya ilə İran arasında ciddi soyuq münasibətlər olmayıb.

Bu baxımdan Rusiya rəhbərliyinin mövqeyi, Rusiya Prezidentinin telefon danışıqları, o cümlədən İsrail ilə aparılan təmaslar onu göstərir ki, rəsmi Kreml İranda gedən daxili gərginliyin azaldılması istiqamətində diplomatik alternativlər axtarır. Görünür, ictimaiyyət üçün hələ açıqlanmayan, lakin diplomatik kanallarda müzakirə olunan bir sıra təşəbbüsləri məhz Rusiya irəli sürür. Əgər son günlərdə baş verən prosesləri müqayisə etsək, görərik ki, əvvəllər Rusiya bu məsələlərlə bağlı açıq-aydın rəsmi mövqe səsləndirmirdi. Halbuki gərginlik artıq bir müddətdir ki, İran daxilində davam edir".

Politoloq ABŞ-nin İran daxilində gedən proseslərə birbaşa hərbi müdaxilə etmək niyyətində olmadığını bildirib: 

"Vaşinqton müəyyən bəyanatlar verib ki, qarşıdurma daha da dərinləşərsə, hərbi nüfuz variantı gündəmə gələ bilər. Lakin proseslərin gedişi və Donald Trampın son müsahibələri göstərir ki, bu bəyanatlar daha çox taktiki məqsədlərə xidmət edib. ABŞ bu yolla həm regional hərbi mövcudluğunu möhkəmləndirmək, həm də İranda gedən proseslərin nəzarətdən çıxmamasına çalışır.

Bununla yanaşı, yaxın keçmişdə İran və İsrail arasında qısa müddətli hərbi qarşıdurmanın baş verməsi onu göstərdi ki, iki ölkə arasında münasibətlər son dərəcə gərgindir və müharibə olmasa belə, tərəflər arasında dərin etimadsızlıq mövcuddur. Son iki gündə ABŞ Prezidentinin açıqlamalarında isə hiss olunur ki, Vaşinqton İran məsələsində hərbi müdaxilə xəttini prioritet hesab etmir. Ola bilsin ki, ABŞ bu mövqeni saxlayaraq proseslərə dolayı təsir göstərmək istəyir. Lakin açıq hərbi ssenari hazırda gündəmdə deyil. Bu mövqedə Səudiyyə Ərəbistanının da ABŞ-ni hərbi müdaxilədən çəkindirməyə çalışması diqqət çəkir".

Analitik vurğulayıb ki, İran ABŞ üçün nə İraqdır, nə Liviya, nə də Venesuela:

"Beynəlxalq mediada gedən müzakirələr və proseslərin ümumi gedişi fonunda Rusiyanın aktivləşməsi onu göstərir ki, hadisələr ABŞ-nin İran daxilinə birbaşa hərbi təzyiq göstərməməsi ilə nəticələnə bilər. Bununla belə, İranda baş verən daxili proseslərin cəmiyyətin makro və mikro strukturunda hansı dəyişikliklərə yol açacağı həm İran rəhbərliyini, həm də ABŞ-ni ciddi şəkildə düşündürür.

Ümumilikdə Rusiyanın atdığı addımlar regionda gərginliyin müəyyən qədər azalmasına töhfə verə bilər. Bu isə ABŞ ilə Rusiya arasında yeni bir qarşıdurma ehtimalını istisna edir. Çünki müşahidələr göstərir ki, ABŞ İran məsələsinin tam nəzarətdən çıxmasında maraqlı deyil. İran ABŞ üçün nə İraqdır, nə Liviya, nə də Venesuela.

Bunu həm region ölkələrinin ABŞ-yə İranla bağlı verdiyi məsləhətlər, həm də etimadın yumşaldılması istiqamətində atılan addımlar təsdiqləyir". 

Siyasətçinin sözlərinə görə İran daxilində siyasi dairələrin mövqeyi göstərir ki, toqquşmalar davam etsə də, rəsmi Tehran proseslərin tam nəzarətdən çıxmasının qarşısını ala bilir:

"Hadisələrin gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyini dəqiq proqnozlaşdırmaq çətindir. Çünki burada yalnız daxili deyil, güclü xarici amillər də mövcuddur və proseslər qısa zamanda istiqamətini dəyişə bilər.

Hazırkı mənzərə onu göstərir ki, həm xarici aktorların mövqeyi, həm də Rusiyadan gələn diplomatik siqnallar İranda gərginliyin azaldılmasına yönəlib. Düşünürəm ki, Rusiyanın bu çağırışları Vladimir Putinin ABŞ-Rusiya münasibətlərində yeni bir gərginlik və ya qarşıdurma yaratmaq niyyəti ilə izah edilə bilməz".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
82
50
sherg.az

10Mənbələr