AZ

İran Ermənistanı bağışlamayacaq

Beynəlxalq gündəmin əsas mövzularından biri Amerika Birləşmiş Ştatlarının (ABŞ) İranla bağlı mümkün hərbi addımları ətrafında yaranan gözləntilər oldu. Dünyada ciddi bir inam formalaşmışdı ki, ABŞ prezidenti Donald Trump İranı hərbi yolla vuracaq.

Xüsusilə İsrail-İran qarşıdurmasının kəskinləşməsi bu ehtimalları daha da artırmışdı. Bir çox beynəlxalq media qurumları artıq məsələni fakt kimi təqdim edirdi. Analitik dairələrdə “son qərar verilib” yanaşması dominant idi.

Lakin hadisələrin inkişafı tam fərqli oldu. Tramp İranı vurmadı. Daha da maraqlısı odur ki, o, bu qərarının arxasında nə İsrailin, nə də ərəb ölkələrinin təsiri olduğunu açıq şəkildə bildirdi. ABŞ prezidenti məsuliyyəti birbaşa öz üzərinə götürdü. “Bu mənim qərarımdır” deməklə Tramp həm müttəfiqlərinə, həm də rəqiblərinə mesaj verdi. Bu açıqlama Trampın siyasi üslubuna uyğun olsa da, real səbəbləri tam izah etmədi.

Bundan sonra beynəlxalq mediada yeni bir mərhələ başladı. Diletant analitiklər dərhal fərqli izahlar irəli sürdülər. İddia olundu ki, Tramp guya Rusiya və Çin faktorundan çəkinərək İrana zərbə endirmədi. Bu tezis müxtəlif platformalarda təkrarlandı. Lakin bu iddiaların heç biri konkret sübuta söykənmir.

Reallıq isə ondan ibarətdir ki, bu cür qərarların əsl səbəblərini çox zaman yalnız dar siyasi çevrələr bilir. ABŞ kimi supergücün xarici siyasətində hərbi qərarlar açıq məntiq üzərində qurulmur. Burada iqtisadi risklər, daxili siyasi balans, seçki amilləri və qlobal güc nisbəti mühüm rol oynayır. Trampın İrana zərbə vurmaması da məhz bu çoxşaxəli hesablamaların nəticəsi ola bilər. Əsl səbəbin tam şəkildə açıqlanacağı isə şübhəlidir. Böyük ehtimalla bu, heç vaxt ictimaiyyətə məlum olmayacaq.

Bu proseslərin fonunda diqqətdən kənarda qalan, lakin son dərəcə mühüm bir regional hadisə baş verdi. Ermənistan faktiki olaraq İranla münasibətlərində ciddi çat yaratdı. İki gün öncə İranın Ermənistandakı səfiri çox sərt açıqlama ilə çıxış etdi. O, açıq şəkildə bildirdi ki, Ermənistan nankor davranır. Diplomatik dildə bu ifadə olduqca ağır mesaj sayılır. İran rəsmisinin bu tonu təsadüfi deyildi.

Bu açıqlama onu göstərdi ki, Tehran İrəvanla münasibətlərdə artıq səbir limitini aşmış hesab edir. Uzun illərdir İran Ermənistan üçün əsas strateji nəfəs yolu rolunu oynayıb. Ermənistanın İranla sərhədi həyati əhəmiyyət daşıyırdı. İndi isə bu xətt ciddi şəkildə risk altına düşüb.

İran səfirinin açıqlamasından belə anlaşılır ki, Tehran Ermənistanı artıq etibarlı tərəfdaş hesab etmir. Hətta bundan sonra İranın Ermənistanın “nəfəsini kəsəcəyi” ehtimalı açıq şəkildə səsləndirilir. Bu, siyasi, iqtisadi və logistika sahələrində təzyiqlər deməkdir. İranın bu potensial imkanları kifayət qədər genişdir. Ermənistan üçün isə alternativlər məhduddur.

Düzdür, paralel olaraq Ermənistan üçün bəzi yeni imkanlar formalaşır. Türkiyə ilə sərhədlərin açılması gündəmdədir. Azərbaycanla sülh prosesi əvvəlki qədər düşmənçilik ritorikası ilə müşayiət olunmur. Regional kommunikasiyaların açılması perspektivi mövcuddur.

Reallıq isə daha mürəkkəbdir. Türkiyə ilə sərhədin açılması dərhal iqtisadi möcüzə yaratmayacaq. Azərbaycanla münasibətlərin normallaşması isə uzun və ağrılı prosesdir. Bu şəraitdə İranla münasibətlərin pozulması Ermənistanın manevr imkanlarını daha da daraldır. Tehran isə bu vəziyyəti diqqətlə izləyir.

Maraqlıdır ki, İran səfirinin açıqlamasından sonra Ermənistanın baş naziri Nikol Paşinyan dərhal mövqeyini ifadə etdi. Onun açıqlamasında narahatlıq açıq şəkildə hiss olunurdu. Paşinyan bir növ vəziyyəti yumşaltmağa çalışdı. Bu isə göstərir ki, İrəvan Tehranın reaksiyasını ciddi qəbul edir. Ermənistan rəhbərliyi anlayır ki, İranla açıq qarşıdurma onua yaxşı nəsə vəd etmir.

Buna baxmayaraq, artıq proses başlayıb. Ermənistan faktiki olaraq İranla münasibətlərdə yeni mərhələyə keçib. Bu mərhələnin necə nəticələnəcəyini indidən demək çətindir. Lakin bir məqam aydındır. Tehranın mütləq cavab tədbirləri gecikməyəcək. Bu proseslərin sonunun harada dayanacağını isə zaman göstərəcək. Lakin indidən demək olar ki, İran Ermənistanı bağışlamayacaq. İrandakı erməni etnosu da bunun acısını dadacaq.

Mənbə: Modern.az 

Seçilən
61
1
dogru.az

10Mənbələr