Vaşinqtonla Tehran arasında gərginlik təhlükəli həddə çatıb. İsrail kəşfiyyatının məlumatına görə, ABŞ-ın geri addım atdığı görüntüsünə baxmayaraq, İrana qarşı Amerika hərbi hücumu yaxın günlərdə gündəmə gələ bilər. Bölgədəki hərbi hazırlıqlar və diplomatik fəallıq bu ssenarini gücləndirir.
MOSSAD RƏHBƏRİ ABŞ-DA
ABŞ mətbuatının Axios-a istinadən yaydığı xəbərə görə, İsrail kəşfiyyat xidməti Mossad-ın rəhbəri David Barnea İrandakı vəziyyəti müzakirə etmək üçün ABŞ-a səfər edib. Barnea’nın səfəri, İranda baş verən etirazlar və rejimin sərt repressiyaları fonunda ABŞ və İsrail arasında mümkün Amerika hərbi müdaxiləsi ilə bağlı aparılan məsləhətləşmələrin tərkib hissəsi kimi qiymətləndirilir.
Eyni mənbələrə görə, Barnea Mayamidə ABŞ ilə İran arasındakı birbaşa əlaqə kanalını idarə edən Ağ Ev nümayəndəsi Stiv Uitkoff ilə görüşəcək. Bildirilir ki, Uitkoff etirazlar zamanı İranın xarici işlər naziri Abbas Araqçı ilə də təmasda olub. Barnea’nın həftəsonu Floridadakı Mar-a-Laqo iqamətgahında ABŞ Prezidenti Donald Tramp ilə görüşməsi də ehtimallar sırasındadır.
TRAMP–NETANYAHU XƏTTİ AKTİVLƏŞİB
Barnea’nın ABŞ səfəri Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında İran böhranı ilə bağlı çərşənbə günü baş tutan telefon danışığından dərhal sonra reallaşıb. Məlumata görə, Netanyahu İranın mümkün cavab zərbələrinə hazırlaşmaq üçün İsrailə əlavə vaxt qazandırmaq məqsədilə Trampdan İrana qarşı hərbi əməliyyatın təxirə salınmasını istəyib.
İsrailli bir mənbə bildirib ki, mövcud ABŞ planı İran təhlükəsizlik qüvvələrinə qarşı zərbələri nəzərdə tutur, lakin İsrail bu planı rejimi ciddi şəkildə sabitlikdən çıxarmaq üçün yetərli hesab etmir. Axios-un məlumatına görə, ABŞ rəsmiləri İranın etirazçılara qarşı zorakılığı davam etdirəcəyi təqdirdə hərbi variantın masada qalacağını vurğulayır. İsrailli rəsmilər isə gecikməyə baxmayaraq yaxın günlərdə ABŞ hücumunun baş verə biləcəyinə inanırlar.
ABŞ ORDUSU HAZIRLIQ VƏZİYYƏTİNDƏ
Digər tərəfdən, ABŞ mənbələrinə görə, Trampın hücum əmri vermə ehtimalına qarşı ABŞ ordusu bölgəyə əlavə müdafiə və hücum qüvvələri göndərir. “Abraham Lincoln” aviadaşıyıcısı və onun zərbə qrupu Cənubi Çin dənizindən Orta Şərqə doğru hərəkət edir. Bölgəyə əlavə hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri və ehtimal ki, sualtı qayıqların da yerləşdirilməsi gözlənilir.
İRANDAKİ 50 HƏDƏF GÜNDƏMDƏ
İddialara görə, Ağ Evin əlində İranda yerləşən 50 yüksək dəyərli hərbi hədəfin dəqiq coğrafi koordinatlarını əhatə edən gizli xəritə mövcuddur. Bu fakt təcili hərbi eskalasiya ssenarilərini daha da gücləndirir.
DİQQƏTÇƏKƏN KOORDİNATLAR
Daily Mail qəzetinin yazdığına görə, Vaşinqton mərkəzli UANI adlı təşkilat 50 hədəfi əhatə edən dosyanı 12 yanvar 2026-cı il bazar ertəsi səhər tezdən Ağ Ev rəsmilərinə təqdim edib. Sənəddə etirazların yatırılmasının mərkəzi kimi göstərilən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahının dəqiq koordinatları yer alır. Bu qərargah yalnız hərbi əməliyyatların deyil, eyni zamanda polis qüvvələri üzərində nəzarətin də mərkəzi hesab olunur.
TEHRANDA DÖRD ƏSAS ALT QƏRARGAH