ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.
"Yeni nəsil onlayn oyunlar, sosial şəbəkələr, qısa videolar və süni intellekt alətləri insan beyninin eyni sahələrinə təsir göstərir. Bu təsir xüsusilə formalaşma mərhələsində olan uşaqlarda beyin fəaliyyətini passivləşdirir, təxəyyül və müstəqil təfəkkürü məhdudlaşdırır. Uşaqlar uzun müddət nəzarətsiz onlayn oyunlar oynadıqda, fərqli və tanımadıqları insanlarla virtual mühitdə qarşılaşırlar".Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Fidan Canbabazadə deyib."Həddindən artıq oyun, sürətli keçidlər və realist görüntülər beyin fəaliyyətini zahirən sürətləndirir. Lakin bu sürət diqqətin toplanmasını çətinləşdirir. Uşaqlar hər şeyi dərhal və hazır formada əldə etməyə öyrəşirlər. Beyin bu rahatlığa adaptasiya olduqca yeni ideyalar kəşf etmək, yaradıcı düşüncə formalaşdırmaq daha çətinləşir".O bildirib ki, 1980–1990-cı illərdə və ya 2000-ci illərin əvvəlində uşaqların oyun fəaliyyəti ilə son 10–20 ilin uşaqları arasında ciddi fərq var:"Əvvəllər oyunlar ailə mühitindən, gündəlik həyatdan götürülür, rol oyunları üzərində qurulurdu. İndiki uşaqlar isə əsasən telefonda və ekranda gördüklərini təkrarlayırlar. Onların rol modelləri artıq ailə üzvləri deyil, virtual oyun personajları və ekran obrazlarıdır.Bu səbəbdən əvvəlki dövrlərdə formalaşan yaradıcı bacarıqlar bu gün daha az müşahidə olunur. Çünki süni intellekt vasitəsilə artıq musiqi yazmaq, səs yaratmaq, klip hazırlamaq mümkündür. Hətta süni intellektlə yaradılan virtual bloqerlər reklam qəbul edərək gəlir əldə edirlər. Bu proses insan faktorunun tədricən azalmasına gətirib çıxarır".Psixoloq deyib ki, mövcud şəraitdə uşaqları tam qorumaq mümkün deyil:"Lakin müəyyən məhdudiyyətlər və balanslı yanaşma ilə onların beyin inkişafına müsbət təsir göstərmək olar. Hər şeyin hər an hazır olması həyat üçün həmişə faydalı deyil. Məhz çətinlik və axtarış insan təfəkkürünü inkişaf etdirən əsas amillərdir".Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.