Azərbaycan Nəşriyyatı təmirə bağlanır. Lakin buradakı yüzlərlə redaksiyanın taleyi hələlik qeyri-müəyyəndir. Redaksiyalar alternativ məkan təklif edilmədən bu qərarın icrasından narazılıqlarını bildirirlər.
Azadmedia.az Xəbər Portalının rəhbəri Elnurə Abuşova qeyd edir ki, otaqları tam təmirli və inventarlı, rəsmi müqavilə ilə istifadəyə verilmişdir və ödənişlər tam rəqəmsal qaydada həyata keçirilir. “O qədər inventarı haraya daşıyaq? Belə qərar həm vaxt, həm də əlavə xərclər baxımından məntiqsizdir,” – deyə redaksiya nümayəndəsi bildirir.
Bundan başqa, narazılıq edənlər hesab edirlər ki, belə qeyri-müəyyənlik nəticəsində ənənəvi süni bahalaşma baş verəcək və işbazlar qiymətləri şişirdəcəklər. “Bəlkə təmir yalnız bəhanədir? Bəlkə şəhərin mərkəzindəki hazır məkanın təyinatı dəyişdiriləcək?” – deyə narazı redaksiyalar sual edir.
Redaksiyalar ədalətli yanaşma tələb edir: alternativ məkan təmin olunmalı və medianın fəaliyyəti təhlükə altına düşməməlidir.