E.Kərimov qeyd edib ki, zaminlik ciddi bir öhdəlikdir və nəzərə alınmalıdır. Bu səbəbdən zamin duran və ya durmağa hazırlaşan şəxslər tanımadıqları, etibar etmədikləri və ödəniş qabiliyyətinə ümidləri az olan şəxslərə zamin dayanmamalıdırlar: “Adətən bu öhdəlik ailə üzvləri — ata, ana, bacı, qardaş, həmçinin yaxın qohumlar (xalaoğlu, əmioğlu və s.) arasında olur. Ailə daxilində belə bir öhdəlikdə, məsələn, qardaşınız ödənişi edə bilməsə, siz zamin kimi ödənişi özünüz icra edə bilərsiniz, çünki qohumluq və ailə bağı buna imkan verir. Amma iş yoldaşı, qrup yoldaşı və ya tanımadığınız bir şəxs üçün zamin olmaq ciddi risk daşıyır. Gələcəkdə ödənişlər vaxtında edilməzsə, siz kredit götürərkən və ya ipoteka üçün müraciət edərkən problemlərlə üzləşə bilərsiniz. Hətta kredit vaxtında ödənilsə belə, zaminlik öhdəliyi aylıq ödənişlərin hesablanmasına təsir edir və təklif olunan kredit məbləği gözlədiyinizdən fərqli ola bilər. Buna görə zaminlik öhdəliyini götürərkən bu nüanslar diqqətlə nəzərə alınmalıdır”. Ekspert əlavə edib ki, zaminlikdən bir tərəfli qaydada imtina edilməsi yalnız kredit verən bankın qərarı əsasında mümkün edilir. Yəni şəxs zamin durduğu kredit öhdəliyi aktiv ola-ola, öz istəyi ilə zaminliyə birtərəfli qaydada xitam verə bilməz: “Bank bildirir ki, əgər siz dostunuza zamin dayanmısınızsa və dost ödənişi etmirsə, zamin kimi siz ödənişi icra etməlisiniz, çünki zaminlik təminat rolunu oynayır. Bəzi hallarda banklar zaminliyin digər şəxsə — məsələn, həmin şəxsin ailə üzvünə ötürülməsini təklif edə bilər. Misal üçün, iş yoldaşınıza zamin durmuşsunuzsa, amma o müvəqqəti işsizdirsə, zaminlik öhdəliyi sizin əməkhaqqınızdan tutulur. Siz müraciət edərək digər şəxsin zaminliyini təklif edə bilərsiniz, lakin qərar tamamilə bankın səlahiyyətindədir. Bank qərar verərkən keçmiş və yeni zaminin gəlirlərini nəzərə alır. Məsələn, əgər sizin əməkhaqqınız 1000–2000 manatdır və zaminliyiniz qənaətbəxşdir, lakin yeni zaminin maaşı 500 manatdırsa, bank dəyişiklik üçün imtina edə bilər. Məhkəmə yolu ilə də bu məsələyə baxıla bilər, amma əsas söz sahibi bankdır, çünki zaminlik öhdəliyi təminat rolunu oynayır və bank bu hüququndan istifadə edə bilər”. Sevinc İbrahimzadə / Metbuat.az