İranda genişmiqyaslı etiraz aksiyalarının davam etdiyi və ölkə üzrə internetə çıxışın məhdudlaşdırıldığı bir vaxtda, müxtəlif həbsxanalarda edamların həyata keçirildiyi barədə məlumat yayılıb.
NOCOMMENT.az xəbər verir ki, hüquq müdafiəçilərinin bildirdiyinə görə, ölkənin 42 ayrı penitensiar müəssisəsində azı 52 məhbus barəsində ölüm hökmü icra olunub. Bu məlumat İran İnsan Haqları Agentliyi (HRANA) tərəfindən açıqlanıb.
Qeyd olunur ki, edam edilən şəxslər daha əvvəl qətl, narkotik maddələrlə bağlı cinayətlər və digər ümumi cinayət maddələri üzrə məhkum olunmuşdular. Bildirilir ki, onların işləri siyasi fəaliyyət və ya milli təhlükəsizliklə bağlı ittihamları əhatə etməyib.
Müşahidəçilər edamların etiraz aksiyaları ilə eyni dövrə təsadüf etməsini diqqətəlayiq hesab edir və proseslərin insan haqları baxımından ciddi narahatlıq doğurduğunu bildirirlər.
Rəsmi qurumlar isə hələlik yayılan məlumatlarla bağlı ətraflı açıqlama verməyiblər. Beynəlxalq insan haqları təşkilatları İranda vəziyyəti yaxından izlədiklərini bəyan edirlər.
Aliyə