AZ

Tramp "Qəzza Komitəsi"ni elan etdi: Hakan Fidana xüsusi vəzifə verildi - SON ANDA

Ağ Ev ABŞ Prezidenti Donald Trampın Qəzza münaqişəsinə son qoymaq üçün irəli sürdüyü 20 bəndlik “Comprehensive Plan to End the Gaza Conflict” planının ikinci mərhələsinin icrası çərçivəsində Qəzza İdarəetməsi üzrə Milli Komitənin (National Committee for the Administration of Gaza – NCAG) formalaşdırıldığını açıqlayıb. Bu addım Qəzzada müharibədən sonrakı dövrdə idarəetmə, bərpa və sabitləşmə proseslərinin mərkəzində dayanacaq keçid mülki mexanizmin yaradılması kimi təqdim olunur.

Ağ Evin yaydığı bəyanatda bildirilir ki, NCAG-yə texnokrat lider kimi tanınan Dr. Ali Şaat (Ali Sha’ath) rəhbərlik edəcək. Komitənin əsas vəzifələri Qəzzada gündəlik həyatın sabitləşdirilməsi, əsas ictimai xidmətlərin bərpası, mülki institutların yenidən qurulması və uzunmüddətli, özünüidarə edən idarəetmə modelinin əsaslarının formalaşdırılmasıdır. ABŞ tərəfi Dr. Şaatın dövlət idarəçiliyi, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq sahəsində geniş təcrübəyə malik olduğunu vurğulayır.

Açıqlamada xüsusi qeyd olunur ki, bu mexanizm BMT Təhlükəsizlik Şurasının 2025-ci ildə qəbul etdiyi 2803 saylı qətnamə ilə tam uyğunluq təşkil edir. Həmin qətnamə Prezident Trampın Qəzza üzrə kompleks planını dəstəkləyib və planın icrasına nəzarət üçün “Sülh Şurası”nın (Board of Peace) yaradılmasını alqışlayıb. Sülh Şurası planın bütün 20 bəndinin həyata keçirilməsində strateji nəzarət, beynəlxalq resursların səfərbər edilməsi və hesabatlılığın təmin olunmasına cavabdeh olacaq.

Prezident Donald Trampın sədrliyi ilə fəaliyyət göstərəcək Sülh Şurasının İcraiyyə Şurası da artıq formalaşdırılıb. Onun tərkibinə ABŞ dövlət katibi Marko Rubio, Stiv Uitkoff, Cared Kuşner, Böyük Britaniyanın keçmiş baş naziri Ser Toni Bleyer, Mark Rouan, Acay Banqa və Robert Qabriel daxil edilib. Bildirilir ki, hər bir üzv Qəzzanın sabitləşməsi və uzunmüddətli inkişafı üçün mühüm sahələr – idarəetmə potensialının qurulması, regional əlaqələr, yenidənqurma, investisiyaların cəlbi və iri maliyyə axınlarının təşkili üzrə ayrıca portfellərə cavabdeh olacaq.

Sülh Şurasının gündəlik fəaliyyətinin koordinasiyası üçün Ariyə Laytstoun və Coş Qruenbaum Prezident Tramp tərəfindən baş müşavirlər təyin edilib. Onların əsas vəzifəsi Şuranın siyasi və diplomatik mandatının operativ icraya çevrilməsidir.

Qəzza üzrə Ali Nümayəndə vəzifəsinə isə icraiyyə şurasının üzvü Nikolay Mladenov təyin olunub. O, Sülh Şurası ilə NCAG arasında birbaşa əlaqələndirici rol oynayacaq, Qəzzada idarəetmə, yenidənqurma və inkişaf proseslərinin mülki və təhlükəsizlik komponentləri üzrə koordinasiyanı təmin edəcək.

Təhlükəsizlik blokuna dair qərar da açıqlanıb. Qəzzada sülhün qorunması, sabitliyin təmin edilməsi və silahsızlaşdırma prosesinə dəstək məqsədilə yaradılan Beynəlxalq Sabitləşdirmə Qüvvələrinə (International Stabilization Force – ISF) komandanlıq general-mayor Casper (Jasper) Jeffers-ə həvalə olunub. O, humanitar yardımın və yenidənqurma materiallarının təhlükəsiz çatdırılmasına nəzarət edəcək.

Seçilən
43
aznews.az

1Mənbələr