Heydər Əliyev Mərkəzində amerikalı heykəltaraş-rəssam Kerol Förmenin (Carole Feuerman) "Suda yenidən doğulanlar" ("Reborn into the Water") adlı sərgisinin açılış mərasimi keçirilib.
Publika.az xəbər verir ki, sərginin açılışında Alena Əliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, rəsmi qonaqlar, diplomatlar, tanınmış incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.
Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, Mərkəz bu ili möhtəşəm bir sərgi ilə açır və təqdim olunan layihə ilin ən əlamətdar sərgilərindən olacaq: "Kerol Förmenin yaradıcılığı ilə beynəlxalq sərgilərdə tez-tez rastlaşırdıq və nəhayət, bu əsərləri Azərbaycana gətirə bildik. Eksponatların əksəriyyəti ABŞ-dan, eləcə də Avropanın bir sıra ölkələrindən gətirilib və əsərlərdən biri məhz Bakıda ilk dəfə təqdim olunur", - deyə Anar Ələkbərov bildirib.
Anar Ələkbərov Kerol Förmenin Azərbaycana ilk dəfə səfər etdiyini, artıq ölkəmizin əsl dostuna çevrildiyini və Azərbaycanın dünyada tanıdılmasına mühüm töhfə verdiyini deyərək ona təşəkkürünü bildirib.
Daha sonra çıxış edən heykəltaraş-rəssam Kerol Förmen söyləyib ki, bütün həyatı boyu incəsənət onun əsas ifadə vasitəsi olub, hekayə anlatmaq üçün alətə, ideyaları araşdırmaq üçün yola, duyğuları paylaşmaq üçün isə ən doğma dilə çevrilib.