Qroznıda baş verən və Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adəm Kadırovun xəsarət alması ilə nəticələnən yol qəzası təkcə adi bir yol-nəqliyyat hadisəsi kimi yox, daha geniş siyasi kontekstin fonunda diqqət çəkir.
Hadisədən bir neçə saat keçməsinə baxmayaraq, Çeçenistan hakimiyyətinin rəsmi açıqlama verməməsi, informasiya boşluğunun isə müxtəlif ehtimallar və şayiələrlə doldurulması bu marağı daha da artırır. Xüsusilə son günlər Ramzan Kadırovun Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı son dərəcə sərt və açıq təhdidlər səsləndirməsi fonunda baş verən qəza “sadə təsadüfdürmü, yoxsa siyasi mesaj?” sualını gündəmə gətirir.
Məlumdur ki, Kadırov son açıqlamalarında Zelenskini Venesuela lideri Nikolas Maduro ilə müqayisə edərək, onu “əsir götürüb Rusiyaya gətirməyin” lazım olduğunu bəyan etmişdi. Bu cür ritorika artıq təkcə daxili auditoriyaya hesablanmış emosional çıxış yox, beynəlxalq səviyyədə diqqət çəkən siyasi mövqe kimi dəyərləndirilir. Belə bir mərhələdə Kadırov ailəsi ilə bağlı baş verən hər hansı qeyri-adi hadisə istər-istəməz geosiyasi prizma ilə oxunur.

Məsələ ilə bağlı NOCOMMENT.az -a danışan siyasi ekspert Samir Əsədlinin fikrincə, bu cür hadisələrdə emosional nəticələr çıxarmaq düzgün deyil, lakin konteksti tamamilə görməzdən gəlmək də sadəlövhlük olardı.
O bildirir ki, Ramzan Kadırov Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə yalnız regional lider deyil, eyni zamanda simvolik fiqura çevrilib:
“Kadırovun çıxışları Kremlin rəsmi mövqeyindən də kəskin görünür. Bu isə onu informasiya və psixoloji müharibənin ön cəbhəsinə çıxarır. Belə şəraitdə onun ailə üzvləri də istər-istəməz diqqət mərkəzinə düşür”.
Ekspertin sözlərinə görə, qəzanın Ukrayna tərəfindən planlaşdırılmış qəsd olması ehtimalı barədə konkret sübutlar yoxdur və hazırkı mərhələdə bu versiya daha çox spekulyativ xarakter daşıyır:
“Ukrayna tərəfi əsasən hərbi və strateji hədəflərə yönəlmiş addımlar atır. Kadırovun oğluna qarşı açıq şəkildə planlaşdırılmış qəsd olsaydı, bu, artıq tamamilə fərqli siyasi və hüquqi nəticələr doğurardı. Belə əməliyyatlar böyük risklər yaradır və indiki şəraitdə bunu fakt kimi irəli sürmək üçün heç bir ciddi əsas yoxdur”.
Bununla yanaşı, ekspert diqqətə çatdırır ki, yüksək vəzifəli şəxslərin ailə üzvlərinin təhlükəsizliyi məsələsi hər zaman həssas olub:
“Avtoritar idarəetmə modellərində liderin özü qədər ailəsi də siyasi sistemin bir parçasına çevrilir. Bu baxımdan, adi yol qəzası belə ictimai şüurda siyasi hadisə kimi qavranılır. Xüsusilə də məlumatların qapalı saxlanılması şübhələri daha da artırır”.
Qəza ilə bağlı digər diqqətçəkən məqam UFC döyüşçüsü Xamzat Çimayevin adının hadisə ətrafında dolaşması, lakin sonradan bu məlumatların təkzib olunmasıdır. Sosial şəbəkələrdə yayılan şayiələr, Çimayevin uzun müddət səssiz qalması və rəsmi mənbələrin ziddiyyətli davranışı informasiya xaosunu daha da dərinləşdirib.
Siyasi ekspert hesab edir ki, bu da təsadüfi deyil:
“Belə vəziyyətlərdə informasiya nəzarəti zəiflədikdə, boşluğu şayiələr doldurur. Bu isə həm daxili auditoriya, həm də xarici müşahidəçilər üçün əlavə suallar yaradır”.