AZ

Tarixi İpək Yolundan Orta Dəhlizədək...

Bu günlərdə  Vyanada “Türk həftəsi” çərçivəsində “İpək Yolundan Orta Dəhlizədək: nəqliyyat və ticarətin asanlaşdırılması yolu ilə bağlılığın təşviqi” mövzusunda ATƏT-in mənzil-qərargahında dəyirmi masa keçirilib.

Tədbir Türk Dövlətləri Təşkilatının (TDT) sədrliyi olaraq Azərbaycan Respublikasının və digər üzv ölkələrin ATƏT yanında daimi nümayəndəliklərinin təşkilatçılığı, TDT və ATƏT Katibliyinin dəstəyi ilə reallaşıb.

Dəyirmi masada ATƏT-in Baş katibi Feridun Hadi Sinirlioğlu və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev açılış nitqi ilə çıxış edərək, nəqliyyat bağlılığı və ticarətin asanlaşdırılmasının regional əməkdaşlığın, iqtisadi dayanıqlığın və davamlı inkişafın gücləndirilməsində əhəmiyyətini vurğulayıblar.

Türk dünyasını və qitələri birləşdirən tarixi İpək Yolunun bərpasına Azərbaycanın həssas yanaşması

“Türk həftəsi” çərçivəsində belə bir dəyirmi masanın təşkil edilməsi təsadüfi deyil. Tarixi İpək Yolu geniş türk coğrafiyasında, eləcə də qitələr arasında ticarət və mədəni əlaqələrin formalaşmasında böyük rol oynayıb. Bu gün Orta Dəhliz həmin marşrutun müasir davamı olaraq Avropa ilə Asiyanı etibarlı və səmərəli əlaqə ilə birləşdirir.

Tarixi İpək Yolunun üstündə yerləşən Azərbaycan müstəqilliyinin ilk illərindən bu marşrutun bərpasına həssas yanaşma sərgiləyir. Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakı şəhərində 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan) dövlət başçılarının, 13 beynəlxalq təşkilatın və 32 dövlətin nümayəndə heyətlərinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. Bu konfransın yekununda Avropa İttifaqının (Aİ) TRASEKA proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb və Bakı Bəyannaməsi qəbul edilib.

Bundan başqa, Azərbaycan Çinin təşəbbüsü ilə gerçəkləşən “İpək Yolu İqtisadi Kəməri” layihəsinin iştirakçısıdır. 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında Anlaşma Memorandumu” imzalanıb.

Respublikamız Orta Dəhlizin təşviqi məqsədi ilə dəhliz üzərində yerləşən ölkələrlə sıx əməkdaşlıq həyata keçirir. Qeyd edək ki, 2022-ci il noyabrın 22-də Azərbaycan, Qazaxıstan və Türkiyə arasında “Orta Dəhliz”in inkişafı üzrə 2022-2027-ci illəri əhatə edən Yol Xəritəsi imzalanıb. 2024-cü il iyulun 3-də qəbul olunmuş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” Orta Dəhlizin inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Hazırkı reallıqlar şəraitində Orta Dəhlizin artan rolu

Azərbaycanın, TDT-yə üzv olan digər ölkələrin nəqliyyat sahəsinə cavabdeh qurumlarının nümayəndələrinin, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU), TDT-nin Logistika Mərkəzləri və Yükdaşıyıcıları Alyansının rəhbərlərinin, Dünya Bankının, eləcə də Hamburq limanının təmsilçilərinin çıxış etdikləri dəyirmi masada hazırkı iqtisadi mühitdə Orta Dəhlizin artan əhəmiyyətinə xüsusi vurğu edilib. Həqiqətən də, uzanan Rusiya-Ukrayna müharibəsi və digər geosiyasi gərginliklər fonunda başqa marşrutlar üçün ciddi təhdidlər yaranıb. Belə bir şəraitdə türk dövlətlərinin də daxil olduğu Xəzər - Qara dəniz hövzələri coğrafiyasında və bütövlükdə  Avrasiyada Orta Dəhlizdən kənarda intensiv, davamlı və təhlükəsiz daşımaları təsəvvür etmək mümkün deyil.

Tarixi İpək Yolunun davamı olan Transxəzər marşrutu (Orta Dəhliz) Çin Xalq Respublikasını Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə vasitəsilə Avropa İttifaqı ilə birləşdirən və Şimal marşrutuna (Çin-Qazaxıstan-Rusiya-Belarus-Avropa), eləcə də Süveyş Kanalı vasitəsilə dəniz yoluna alternativ olan multimodal nəqliyyat dəhlizidir. Orta Dəhliz əsas etibarilə dəmir yolundan (4256 km) və dənizdən keçən hissədən (508 km) ibarətdir və Çin-Qazaxıstan sərhədindən başlayaraq, Qazaxıstandan keçməklə Xəzər dənizi vasitəsilə Azərbaycan və Gürcüstanadək davam edir. Gürcüstandan isə bu dəhliz iki istiqamətdə Türkiyə vasitəsilə Avropaya, Qara dəniz vasitəsilə isə Ukrayna, Rumıniya və Bolqarıstana uzanır.

Məhz respublikamızın fəallığının, davamlı təşviq siyasətinin nəticəsidir ki, Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan  və digər dövlətlər Orta Dəhlizin inkişafını hədəfləyən platformalarda birləşiblər. Bu platformalar çərçivəsində uzlaşdırılmış fəaliyyətlər Orta Dəhlizin cəlbediciliyinin artmasına güclü impuls verir. 2023-cü il noyabrın 23-də təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-2026-cı illər üçün Fəaliyyət Plan”ı ölkəmizin tranzit potensialından daha səmərəli istifadəyə imkanlar yaradır. Orta Dəhliz üzrə yükdaşımaların artması məqsədilə yüklərin həm dəmir yolları, həm də avtomobil yolları ilə sürətli və səmərəli şəkildə daşınması təmin edilir.

Azərbaycan ərazisində yaradılan müasir nəqliyyat infrastrukturu

Tədbirdə Xəzər dənizi regionu üzrə və onun hüdudlarından kənarda daşımaların və ticarətin asanlaşdırılması üçün TDT-yə üzv ölkələrinin milli və regional perspektivləri təqdim edilib, son illərdə yük axınında artım müşahidə olunan Orta Dəhliz boyunca ticarət və nəqliyyat əməkdaşlığında müsbət təcrübələr bölüşülüb.

Dəyrimi masada Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev çıxış edərək ölkəmizin geostrateji yerləşməsi, Orta Dəhlizin potensialı və onun inkişafında ölkəmizin mühüm rolu, Azərbaycan ərazisindən keçən yüklərin həcmi, ölkəmiz tərəfindən nəqliyyat sahəsində həyata keçirilən beynəlxalq əhəmiyyətli infrastruktur layihələri və Orta Dəhlizin potensialının artırılması istiqamətində görülən işlər, dəhliz boyunca yerləşən ölkələrlə əməkdaşlıq barədə ətraflı danışıb.

Həqiqətən də, Azərbaycan tarixi İpək Yolunun bərpasına, o cümlədən də Orta Dəhlizin inkişafına və funksionallığının artmasına yalnız siyasi iradə nümayiş etdirməklə kifayətlənmir, həmçinin praktiki müstəvidə önəmli layihələr həyata keçirir. Ölkə ərazisində vacib nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanın Orta Dəhlizin inkişafına verdiyi çox mühüm töhfədir. Dövlətimizin başçısının qətiyyətli siyasi iradəsinə uyğun olaraq respublikamız Orta Dəhliz üzərində yerləşən nəqliyyat infrastrukturuna, xüsusilə də dəniz limanına, gəmiqayırma zavoduna, dəmir yolu və digər logistik infrastruktura böyük investisiyalar yönəldib.

Azərbaycanın Orta Dəhlizin inkişaf etdirlməsinə verdiyi töhfələrdən bəhs edərkən iki layihənin önəmini ayrıca qeyd etmək lazımdır. Bunlardan biri 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttidir. Azərbaycanın təşəbbüsü və moderatorluğu ilə ərsəyə gələn BTQ region ölkələrinin tranzit potensialının artmasına yeni imkanlar yaradıb. Artan yük həcmləri nəzərə alınmaqla yenə də ölkəmizin təşəbbüsü ilə BTQ-nin ötürücülük imkanlarının genişləndirlməsi layihəsi artıq tamamlanıb. Genişləndirmədən sonra BTQ-nin illik yükaşırma gücü 1 milyon tondan 5 milyon tona çatdırılıb.

Güclü dövlət olan Azərbaycan həmçinin liderlik keyfiyyətləri nümayiş etdirərək Xəzərdə ən böyük ticarət limanının inşasına nail olub. Hazırda  Xəzər dənizində ən böyük ticarət limanlarından biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamətində fəal iş aparılır. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzər yük donanması Orta Dəhlizin funksionallığını təmin edən vacib nəqliyyat infrastrukturlarıdır.

Görülən tədbirlər nəticəsində son üç ildə Orta Dəhliz üzrə tranzit yük həcmləri təxminən 90 faiz artıb ki, bu da onun səmərəliliyini və artan aktuallığını nümayiş etdirir. Bununla yanaşı, dəhliz üzrə yük daşımaların tranzit müddəti 15 günə enməklə əhəmiyyətli dərəcədə azalıb.

Daha bir mühüm məqama da diqqət çəkmək istərdik. Söhbət Zəngəzur Dəhlizinin (Tramp marşrutu) yaradılmasından gedir. Orta Dəhlizin bir qoluna çevriləcək bu marşrutun yaradılması qalib Azərbaycanın təşəbbüsü əsasında gündəmə gəlib. Sonrakı mərhələdə yenə də ölkəmizin, şəxsən Prezident İlham Əliyevin davamlı səyləri sayəsində yeni nəqliyyat bağlantısının yaradılması istiqamətində böyük yol keçilib və ötən il avqustun 8-də Vaşinqtonda bununla bağlı prinsipial razılaşma əldə olunub. Bütövlükdə, yeni marşrut optimal regional bağlantını təmin edəcək. O cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat əlaqəsi yaranacaq, Ermənistan blokadadan çıxacaq, Mərkəzi Asiya dövlətləri üçün yeni tranzit imkanları açılacaq. Rusiya və İranın Şimal-Cənub marşrutundan asılılığı azalacaq. Qeyd edək ki, respublikamızın ərazisində  Şimal - Cənub marşrutu ilə Orta Dəhlizin optimal bağlantısı təmin edilib. Beləliklə də İran və Rusiya da yeni marşrutdan faydalana biləcəklər.

Mübariz ABDULLAYEV

Seçilən
16
2
yeniazerbaycan.com

10Mənbələr