AZ

“Bizim komandada bir nəfər də rus ola bilməz” – “Neftçi”nin baş məşqçisi

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Ukrayna mətbuatına müsahibə verib.

Msport.az xəbər verir ki. təcrübəli mütəxəssis ilkin təəssüratlarından, məşq prosesindən və heyətdən danışıb:

-Siz artıq bir aydır ki, “Neftçi”yə rəhbərlik edirsiniz. Təəssüratlarınız necədir? 

-Ancaq müsbət təəssüratlarım var. Burda hər şey xoşuma gəlir. Ən vacibi isə odur ki, futbolçular mənim tələblərimi yaxşı qəbul edirlər. Komandanı düşdüyü vəziyyətdən çıxarmağa çalışacağıq.

-Sizin “Neftçi” ilə müqavilənizin müddəti nə qədərdir? 

-1,5 il.

-Komanda çempionatda 7-ci yeri tutur. Mövsümün sonuna kimi hansı məqsədlərə nail olmaq lazımdır? 

-Əgər Ukrayna ilə müqayisə etsək, “Neftçi” “Dinamo” kimidir, ona görə də hədəflər hər zaman yüksək olur. Başa düşürəm ki, bu çempionatda qızıl medalları əldə etmək çox çətin olacaq, lakin hər oyunda qalib gəlməyə çalışacağıq ki, turnir cədvəlində mümkün qədər üst pillələrə yüksələk. Bütün futbolçular bunu başa düşürlər.

Biz təlim-məşq toplanışında olduq və uşaqların işə yanaşması xoşuma gəldi. “Neftçi”də yaxşı “ifaçılar” var. Qalır komandanın fiziki hazırlığını və intizamı gücləndirib yola çıxmaq.

-Siz demişdiniz ki, komandadakı legionerlərin səviyyəsindən narazısınız. İndi fikriniz dəyişib?  

-Bütün bunlar jurnalistlərin uydurmasıdır. Müqavilə bağladıqdan sonra yalnız klubun mətbuat xidmətinə kiçik bir müsahibə vermişəm. O vaxtdan nə Ukrayna, nə də Azərbaycan KİV nümayəndələri ilə danışmamaışam. İlk jurnalistsiniz ki, təyinatımdan bir ay sonra sizinlə danışdım.  Bir də mən öz futbolçularım haqqında necə pis danışa bilərəm? Onların nüfuzunu sarsıdım?  Bu mənim metodum deyil. Biz eyni qayığa minmişik, ona görə də eyni istiqamətdə avar çəkməliyik.

-Əcnəbilərdən ən məşhuru Vensan Abubakardır. “Portu” və “Beşiktaş”ın sabiq hücumçusunun durumu indi necədir? 

-O, təlim-məşq toplanışını əla keçdi. Heç bir məşqi buraxmadı, çəkisini saldı. Görürəm ki, Abubakar çox istəyir ki, oynasın. Amma rəqabət var, məsələn bizdə Bassala Sambu da çıxış edir. Lakin Abubakar 100 faiz ulduz futbolçudur.

– Ukraynadan yeni futbolçuların heyətə cəlb olunması gözlənilirmi? 

-Hələ ki yox. Burda yalnız “Çernomorets”in sabiq yarımmüdafiəçisi Andrey Ştoqrin var. O, bizimlə toplanışda oldu və çox yaxşı təəssürat yaratdı. İndi onun adını sifariş ərizəsinə daxil edəcəyik.

-Azərbaycan futbolunda əsas lider “Qarabağ”ın olduğunu nəzərə alsaq, “Neftçi”ni yenidən zirvəyə yüksəltmək nə dərəcədə çətin olacaq? 

-Niyə rəqibin əhvalını korlamağa çalışmayaq (gülür). Ona görə də bu çağırışı qəbul etdim. Mənə gəlib tanınmış klubda işləmək maraqlı idi. “Neftçi” hazırda turnir cədvəlində olmalı olduğu mövqedə deyil. Bu, bizim bütün məşqçilər korpusu üçün bir stimuldur. Uzağa boylanmayacağııq, sadəcə işimizi görəcəyik. Həyatda hər şey mümkündür.

-Tezliklə Azərbaycanda ukraynalı məşqçilərin derbisi baş tutacaq. Sizin üçün Andrey Demçenkonun çalışdırdığı “Araz-Naxçıvan”la oyun prinsipial olacaqmı?

-Turnir cədvəli nöqteyi-nəzərindən bəli. Məşqçilər arasındakı prinsipiallıq baxımından isə yox. Mənim üçün ən vacib olan komandanın irəli getməyidir. Düşünürəm ki, Demçenko da elə fikirləşir. Bizim üçün bu çox vacib oyun olacaq. Çünki “Neftçi” xal hesabını artırmalıdır.

-Sizin Rusiyaya olan vətəndaş mövqeyinizi nəzərə alaraq bunu soruşmaya bilmərəm. Siz “Neftçi” lə Moskva Lokomotiv”i arasında əməkdaşlıq müqaviləsinin imzalanmasına necə yanaşdınız? 

-Bu məsələdə də jurnalistlər məlumatı səhv təqdim ediblər. Bəzi KİV-lər yazmışdı ki, guya mən Mpskvaya gedəcəm. Bu mənim heç ağlıma yaxın gəlmir. Bu müqavilə uşaq Akademiyaları arasında bağlanıb. Bu, klubun hüququdur. Mənim məsələyə nə dəxlim var? Bizim əsas komandamızda bir nəfər də rus yoxdur, ola da bilməz. Aşağı yaş qrupu komandalarında da yalnız azərbaycanlılar çıxış edir. Mən burda Ukrain dilində danışıram və sözlərinm tərcüməçi vasitəsi ilə çatdırılır.

Seçilən
40
msport.az

1Mənbələr