ain.az, Axar.az portalına istinadən məlumat yayır.
Avropa Birliyi (AB) ilə Merkosur ölkələri arasında azad ticarət sazişi imzalanıb. Bununla da 1999-cu ildən davam edən danışıqlar uğurla başa çatıb.
Axar.az xəbər verir ki, Paraqvayda keçirilən mərasimdə sazişi Avropa Birliyi Şurasının Prezidenti Antonio Koşta, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen, Merkosur ölkələrinin – Argentina, Paraqvay və Uruqvayın dövlət başçıları və Braziliyanın xarici işlər naziri imzalayıblar.
Saziş Avropa Birliyi ilə Merkosur ölkələrini əhatə edən 700 milyondan çox əhalinin yaşadığı bölgələri birləşdirən dünyanın ən böyük azad ticarət zonasının yaradılmasını nəzərdə tutur. Boliviya Merkosur qrupuna daxil olsa da, ilk mərhələdə sazişə qoşulmayacaq.
Saziş keçən həftə AB-yə üzv olan 27 ölkənin 21-nin səs çoxluğu ilə qəbul edilib. Yeni sərbəst ticarət zonası ABŞ Prezidenti Donald Trampın proteksionist gömrük siyasətinə qarşı müdafiə məqsədi daşıyır. Sazişə əsasən, AB ilə Merkosur arasında dövriyyədə olan malların təxminən 90 faizindən çoxuna tətbiq olunan gömrük vergilərinin ləğv edilməsi nəzərdə tutulur. Nəticədə AB-nin Merkosur ölkələrinə illik ixracatının 39 faiz (49 milyard dollar) artacağı gözlənilir.
Razılaşmanın Avropanın əczaçılıq, maşınqayırma, avtomobil sənayesi üçün böyük imkanlar təmin edəcəyi proqnozlaşdırılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.