AZ

İcra başçısının müavininin ailə üzvündən dini dəyərlərə açıq hörmətsizlik – cəmiyyət susmamalıdır

Sosial şəbəkələrdə yayılan və ciddi rezonans doğuran görüntülər Füzuli Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülbahar Eyvazovanın ailə üzvü ilə bağlı qalmaqallı iddiaları gündəmə gətirib. İddialara görə, müavinin həyat yoldaşı Habil Eyvazov "TikTok” platformasında spirtli içki qəbul etdiyi halda canlı yayım açaraq İslam dinini, namazı, müqəddəs dəyərləri, o cümlədən İmam Hüseyni məsxərəyə qoyub.

Yayılan görüntülərdə dini inanclara qarşı açıq-aşkar hörmətsiz münasibət nümayiş etdirildiyi, müqəddəs anlayışların lağ obyektinə çevrildiyi iddia olunur. Bu isə təkcə şəxsi davranış məsələsi deyil, cəmiyyətin mənəvi dəyərlərinə qarşı ciddi təhqir kimi qiymətləndirilir.

Xüsusilə qeyd olunmalıdır ki, söhbət yüksək dövlət vəzifəsi daşıyan bir məmurun ailə üzvündən gedir. Belə bir mövqedə olan şəxsin ailəsində baş verən bu cür qalmaqallı davranışlar ictimai etimadı sarsıdır və haqlı suallar yaradır: dövlət məmurunun ailə üzvləri cəmiyyət qarşısında məsuliyyət daşımırmı? Dini dəyərlərə açıq hörmətsizlik edən şəxslərə qarşı hüquqi və mənəvi mövqe ortaya qoyulacaqmı?

Cəmiyyətin böyük əksəriyyətinin həssaslıqla yanaşdığı İslam dini və müqəddəs şəxsiyyətlərin alçaldılması nə söz, nə də "canlı yayım” adı altında bəraət qazana bilməz. Sosial şəbəkələrdə məsuliyyətsiz davranış sərgiləyən bu kimi şəxslər bilməlidir ki, azadlıq adı altında mənəviyyata tüpürmək qəbulolunan deyil.

Aidiyyəti qurumların, eləcə də Füzuli Rayon İcra Hakimiyyətinin bu məsələ ilə bağlı mövqeyi hələlik məlum deyil. Lakin cəmiyyət gözləyir ki, baş verənlər ört-basdır edilməsin, açıq mövqe ortaya qoyulsun və dini dəyərləri təhqir edən davranışlara hüquqi qiymət verilsin.

Bu məsələ təkcə bir "TikTok canlısı” deyil — bu, cəmiyyətin mənəvi sərhədlərinin necə qorunduğu ilə bağlı ciddi sınaqdır.
 
 
 https://youtube.com/shorts/N9qbsngI81k?si=8DzxC6onMiZcLFEw
 




Seçilən
16
7news.az

1Mənbələr