Ukrayna Müdafiə Qüvvələri cəbhənin Kupyansk və Pokrovsk istiqamətlərində irəliləyişə nail olublar.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) yeni hesabatında bildirilib.
Analitiklər bu qənaətə son günlər yayılan geolokasiya kadrlarını təhlil edərək gəliblər.
Hesabata əsasən, yanvarın 15-də dərc olunan görüntülər Ukrayna qoşunlarının Xarkov vilayətinin Kupyansk şəhərindən şimalda irəlilədiyini təsdiqləyir. Eyni zamanda, yanvarın 16-sı və 17-də Rusiya ordusunun Kupyanskın özünə, eləcə də Dvorıçna, Krasnoye Pervoye, Petropavlovka, Podol, Kuçerovka, Pesçannoye və Kurilovka istiqamətlərinə hücum etdiyi qeyd olunub.
ISW yanvarın 17-nə aid kadrlara istinadən bildirir ki, Ukrayna qüvvələri Donetsk vilayətində Pokrovskdan şərqdə yerləşən Svetloye yaşayış məntəqəsinin şimal-qərbində də irəliləyiş əldə ediblər.