AZ

Suriya Ordusu Rakka və Deyrizorda əməliyyatları davam etdirir - YENİLƏNİB-1 - VİDEO

Deyrizor vilayəti tamamilə PYD/SDQ silahlılarından təmizlənib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Suriyanın Hələb vilayətinin Münbiç rayonunun cənub-şərqində, Fərat çayı üzərindəki Tişrin su anbarı ətrafında Ordu və PYD/SDQ silahlıları arasında toqquşmalar yaşanır. Tişrin su anbarı üzərindəki su elektrik stansiyası (SES) Suriyanın ikinci ən böyük SES-dir.

***

saat 15.59

Suriya Ordusu Fərat çayının şərqində Rakka və Deyrizor istiqamətlərində irəliləməyə davam edir.
APA-nın xəbərinə görə, Suriya Ordusu Rakka şəhərini mühasirəyə almağa başlayıb.
Suriya Ordusu Rakkanın qərbində Baas su anbarı və Tabka Hava Limanını azad edib.
Rakka və Deyrizorda yerli ərəb qəbilələri də YPG/SDQ-yə qarşı silahlı müqavimətə başlayıblar. Rakka və Deyrizor şəhərlərində bir neçə məhəllə qəbilələrin nəzarəti altına keçib və bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Deyrizor vilayətində Muheymide, Suveydan-ı Cezira, Murat, Gıranic, Et-Tayyane, El-Cerzi, Hatla, El-Huseyniyye, Duvar el-Halebiyye, El-Bağur, Elbu Bedran, El-Bahra, Es-Suse, Ebu Hardub, Eş-Şenan, Denec, Zeyban, Havayic, Şahil, Zer, Busayra, Subha, Dehla, Cedid Bekkara, Huşam, Mazlum, El-Hisan, Cefra Sahası, Huvayic Bumasa, Sava yaşayış məntəqələri, o cümlədən Ömər neft və Kuniko qaz yataqları da artıq qəbilələrin nəzarətindədir.
Suriya Ordusu Deyrizor yaxınlığında YPG/SDQ silahlılarının toplaşma məntəqəsi sayılan Hajin şəhərini nəzarət altına alıb.
SANA agentliyi Tabka rayonundan geri çəkilən YPG/SDQ-nin həbsxanadakı əsirləri öldürdüyü, Rakkaya gələn əsas su kəmərini partlatdığı barədə məlumat yayıb. Suriya hökuməti Tabkada əsirləri edam edən YPG/SDQ-nin Cenevrə Konvensiyasını pozaraq hərbi cinayətə yol verdiyini bəyan edib.

***

saat 11.16

Fərat çayının qərbini YPG/SDQ silahlılarından təmizləyən Suriya Ordusunun növbəti hədəfi məlum olub.
APA-nın xəbərinə görə, Suriya Ordusu artıq Fərat çayının şərqində Tabka şəhərinə nəzarəti təmin edib, Rakka şəhərinə 5 km-ə qədər yaxınlaşıb.
ABŞ-ın bölgə üzrə Mərkəzi Komandanlığı (CENTCOM) Suriya Ordusunu əməliyyatları dayandırmağa, tərəfləri dialoqla həll yolu axtarmağa çağırıb. Suriya Xarici İşlər Nazirliyi isə keçən il martın 10-da Suriya Prezidenti Əhməd aş-Şaraa və SDQ-yə rəhbərlik edən Məzlum Abdi arasında imzalanmış razılaşma həyata keçirilməyə başlanan zaman əməliyyatların dayandırılacağını bəyan edib. Eyni zamanda Dəməşq və Vaşinqton arasında dialoqun da davam etdiyi nəzərə çatdırılıb.

Suriya Prezidenti isə Məzlum Abdini bu gün Dəməşqdə ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barakla keçiriləcək görüşə dəvət edib.
Qeyd edək ki, Suriya Ordusunun son əməliyyatlarına qədər YPG/SDQ Suriya ərazisinin 1/3-nə nəzarət edirdi. Bura Suriyanın əsas neft yataqlarının yerləşdiyi Rakka və Deyrizor bölgələri də daxildir.
Türkiyə PYD və PYD-nin silahlı qanadı YPG-nin PKK terror təşkilatının Suriya qolu olduğunu bəyan edir. Bu qruplaşma isə özünü Suriya Demokratik Qüvvələri (SDQ) kimi təqdim edir.

© APA | Ərəb qəbilələri Rakkada

© APA | Ərəb qəbilələri Rakka şəhərinin mərkəzində

© APA | Rakka şəhərində YPG/SDQ simvolları təmizlənir

© APA | Rakka şəhəri YPG/SDQ heykəllərindən təmizlənir

Seçilən
16
5
apa.az

10Mənbələr