AZ

Lautaro Martines – A Seriyasında dekabrın ən yaxşı oyunçusu! – ARENA.AZ

“İnter”in argentinalı mərkəz hücumçusu Lautaro Martines İtaliya A Seriyasında dekabr ayının ən yaxşı futbolçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb.

28 yaşlı futbolçu azarkeşlər arasında keçirilmiş səsvermədə Rasmus Höylund (Napoli), Kristian Pulişiç (Milan), Canluka Skamakka (Atalanta), Nikola Vlaşiç (Torino) və Kenan Yıldız (Yuventus) kimi oyunçuları qabaqlayıb.

Lautaro ötən ay komandasının heyətində A Seriyasında çıxdığı 3 matçda 3 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Martines karyerası ərzində 2-ci dəfə A Seriyasında ayın ən yaxşı oyunçusu seçilir. O, daha öncə 2023-cü ilin oktyabrında da oxşar mükafata layiq görülmüşdü.

Xatırladaq ki, A Seriyasında avqust ayının ən yaxşısı “Yuventus”un türkiyəli hücumçusu Kenan Yıldız seçilmişdi. Sentyabrda “Milan”ın amerikalı legioneri Kristian Pulişiç ən yaxşı elan edilmişdisə, oktyabrda “Napoli”nin kamerunlu mərkəz yarımmüdafiəçisi Frank Anqissa, noyabrda “Kremoneze”nin forvardı Ceymi Vardi fərqlənmişdi.

Lautaro Martines 2018-ci ilin iyul ayından “İnter”də çıxış edir. İtaliya nəhəngi argentinalı hücumçunu 25 milyon avro məbləğ müqabilində Avelyaneda “Rasinq”indən “neradzurri”nin heyətinə qatıb.

Martinesin “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. 2024-cü ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib.

Argentinalı hücumçu cari mövsümdə bütün yarışlarda “İnter”in heyətində 27 oyuna çıxıb, 15 qol vurub, 4 məhsuldar ötürmə verib.

Lautaro Martinesin “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə 362 oyun, 168 qol, 54 məhsuldar ötürmədən ibarətdir.

Martines “İnter”lə 2 dəfə İtaliya A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb.

Lautaro Martines 2018-ci ilin mart ayında debüt etdiyi Argentina yığmasının heyətində 75 oyuna çıxıb, 36 qol vurub, 11 məhsuldar ötürmə verib. Lautaro 2021-ci və 2024-cü illərdə Amerika Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022-ci il Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 85 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
42
14
arena.az

10Mənbələr