“Kristal Pelas”ın baş məşqçi Oliver Qlasnerin istefaya göndərilməsi variantını nəzərdən keçirir.
Publika.az xəbər verir ki, “Sky Sports News”un məlumatına görə, klubun idarə heyətinin sədri Stiv Periş şənbə günü 1:2 hesabı ilə “Sanderlend”ə məğlubiyyətdən sonra avstriyalı mütəxəssisin verdiyi açıqlamalardan ciddi şəkildə narahat olub və qəzəblənib. Qlasner həmin açıqlamada klub rəhbərliyini birbaşa tənqid edərək “Biz özümüzü tamamilə tərk edilmiş hiss edirik” deyə bildirib.
Cümə günü isə Qlasner mövsümün sonunda müqaviləsi başa çatdıqdan sonra “Kristal Pelas”dan ayrılacağını təsdiqləyib. İndi isə Periş məşqçiyə müqavilənin sonuna qədər vaxt verib-verməmək və ya onu yaxın zamanda işdən azad etmək qərarını verməlidir.
Mark Qehinin “Mançester Siti”yə satılması məşqçi ilə klub sədri arasında getdikcə pisləşən münasibətlərdə son damla ola bilər. Qlasner şənbə günü “Oyundan bir gün əvvəl kapitanımızı satmaq yolverilməzdir”, – deyə açıqlama verib.