ain.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan xalqı var olduğu gündən zaman-zaman müxtəlif təzyiq və təqiblərə, qırğınlara, deportasiya və soyqırımlara məruz qalıb. Tarixin ironiyası, acı reallığı isə ondan ibarətdir ki, həmin deportasiya və soyqırımlar, qırğınlar bir qayda olaraq qucaq açdığımız, yaxud yalnış ideologiya və təbliğat nəticəsində böyük qardaş saydığımız qonşularımız tərəfindən xalqımıza qarşı törədilib. Bu günlər həmin faciələrdən daha birinin ildönümünü qeyd edirik. 20 Yanvar faciəsinin 36-cı ildönümünü.Tarixə nəzər salsaq görərik ki, 1980-ci illərin sonlarında SSRİ-də gedən siyasi proseslər, milli azadlıq hərəkatlarının güclənməsi Azərbaycanda da xalqın öz taleyinə sahib çıxmaq istəyini daha da artırdı. İttifaq ölkələrində gündəmə gələn mərkəzdən ayrılmaq istəklərinə uyğun olaraq Azərbaycan xalqı da müstəqillik, ədalət və suverenlik tələbi ilə meydanlara axışdı. Bakıda imperiya əleyhinə keçirilən mitinqlərin həm miqyasının genişlənməsi, həm də onun regionlara yayılaraq sözün əsl mənasında mərkəz üçün ciddi “təhlükəyə” çevrilməsi Moskvanı sərt cavab tədbirlərə vadar etdi. Əslində isə, söhbət hansısa təhlükədən yox, azadlıq, suverenlik istəyən xalqa öz haqqını verməkdən gedirdi. Ancaq müttəfiq respublikalara qarşı hər zaman özünün arxa baxçası kimi baxan, parçala, böl prinsipindən çıxış edən Moskva bu dəfə də ənənəsinə sadiq qaldı və Azərbaycan xalqının azadlıq istəyinə güllə ilə cavab verdi.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıya yeridilməsi nəticəsində yüzlərlə dinc sakin qətlə yetirildi, minlərlə insan yaralandı.20 Yanvar faciəsinin dəhşətli tərəfi ondan ibarət idi ki, tanklar və ağır hərbi texnika silahsız insanlara qarşı istifadə olundu. Qadınlar, uşaqlar, yaşlılar belə bu amansız qırğının qurbanına çevrildi. Lakin bütün bu vəhşiliyə baxmayaraq, Azərbaycan xalqı sınmadı. Əksinə, bu qanlı hadisə xalqın iradəsini daha da möhkəmləndirdi, azadlıq ruhunu boğa bilmədi.20 Yanvar şəhidlərinin dəfni zamanı yüz minlərlə insanın küçələrə çıxaraq öz şəhidlərini böyük ehtiramla torpağa tapşırması xalqın birliyinin və qəhrəmanlığının parlaq nümunəsi oldu. Şəhidlər Xiyabanı azadlıq uğrunda canından keçənlərin müqəddəs məkanına çevrildi. 20 Yanvar faciəsi eyni zamanda Azərbaycanın müstəqilliyə gedən yolunda dönüş nöqtəsi oldu. Bu hadisədən sonra xalq sovet rejiminin əsl mahiyyətini açıq şəkildə gördü və müstəqillik ideyası daha da gücləndi. 1991-ci ildə dövlət müstəqilliyinin bərpası məhz 20 Yanvar şəhidlərinin qanı bahasına mümkün oldu.Bu gün 20 Yanvar şəhidlərini yad edərkən biz yalnız kədər hissi keçirmirik, eyni zamanda onların göstərdiyi qəhrəmanlıqla qürur duyuruq. 20 Yanvar, Azərbaycan xalqının sarsılmaz iradəsinin, milli birliyinin və azadlıq eşqinin rəmzidir. Bu faciə tariximizin qanla yazılmış, lakin şərəflə oxunan qəhrəmanlıq salnaməsidir.Bu tarix yalnız qanlı bir faciə kimi deyil, eyni zamanda Azərbaycan xalqının azadlıq, müstəqillik və milli ləyaqət uğrunda apardığı mübarizənin qəhrəmanlıq salnaməsi kimi yadda qalıb.Arzuman Muradlı, “Milli İnkişaf” ictimai birliyinin sədri, iqtisad elmləri doktoru
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.