Avropa İttifaqı ABŞ prezidenti Donald Trampın gömrük rüsumları ilə bağlı təhdidlərinə cavab olaraq, ABŞ-a qarşı 93 milyard avro dəyərində cavab tədbirləri tətbiq etməyi nəzərdən keçirir.
AZƏRTAC xəbər verir ki, mümkün tədbirlər sırasında Amerika şirkətlərinin Aİ-nin vahid bazarına çıxışının məhdudlaşdırılması da var.
Müzakirələr Aİ-nin 27 üzv ölkəsinin səfirlərinin Brüsseldə keçirdiyi fövqəladə görüşündən sonra aparılıb. Buna səbəb Trampın fevralın 1-dən etibarən səkkiz Avropa ölkəsinə qarşı 10 faiz gömrük rüsumu tətbiq ediləcəyi, iyunun 1-dən isə bu göstəricinin 25 faizə qaldırılacağı barədə açıqlamaları olub.
“Financial Times”in məlumatına görə, Aİ-də ümid edirlər ki, cavab tədbirlərinin hazırlanması ABŞ-la danışıqlarda, o cümlədən Davosda keçiriləcək Dünya İqtisadi Forumu çərçivəsində ittifaqın mövqelərini gücləndirəcək. Bununla yanaşı, Aİ ölkələrinin əksəriyyəti hələlik gərginliyin azaldılmasının və dialoqun tərəfdarıdır və ən sərt ticarət alətlərinin tətbiqini təxirə salır.