Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 165 yanğına çıxış və 43 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 12-si azyaşlı olmaqla 55 nəfər xilas edilib, 13-ü azyaşlı olmaqla 30 nəfər təxliyə olunub, 2 nəfər xəsarət alıb, 1 nəfər tüstüdən zəhərlənib, 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilib.