“İlhamənin məndə ancaq diplomatik pasportu qalıb. Qalan bütün əşyalarını ögey bacıları və oğulluğu Orxan mənimsədi”.
Publik.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında mərhum Xalq artisti İlhamə Quliyevanın qohumu, müğənni Əli Mirəliyev deyib.
Onun sözlərinə görə, mərhum sənətçinin hüquqi varisləri bacıları İradə və Gülbahardır.
Əli Mirəliyev bildirib ki, İlhamə Quliyeva xarici pasportunu ona etibar edib:
“Deyirdi ki, bacılarıma versəm, itirəcəklər. Onun bütün mülkləri bacılarına qaldı. Halbuki sağlığında araları heç də yaxşı deyildi. Sadəcə soyadları eyni olduğu üçün məhkəmə hər şeyi onlara verdi. Gördüm ki, Orxanın anası, xalası – hamısı mülk üstündə bir-birini didməyə hazırdır. Ona görə də onlardan uzaqlaşdım. Dedim, qoy başım dinc olsun”.
Müğənni qeyd edib ki, İlhamə Quliyevanın ağır xəstəlik dövründə ona əsasən öz ailəsi baxıb:
“Mənim qızım 15 il İlhaməyə qulluq edib. İlhamə xəstə idi, qızım olmasaydı, çox tez dünyasını dəyişərdi. Mən də, qızım da onun bütün qayğısına qalırdıq. İlhamə vəfat edəndən sonra isə bacıları birdən-birə ortaya çıxdılar. Bəs bu illər ərzində harada idilər?”