AZ

Media: Kanada Qrenlandiyaya kiçik hərbi qrup göndərməyi planlaşdırır

Bakı, 19 yanvar, AZƏRTAC

Kanada ABŞ Prezidenti Donald Trampın təhdidləri fonunda Qrenlandiyada keçiriləcək hərbi təlimlərdə iştirak etməyi və adaya kiçik hərbi qrup göndərməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, “The Globe and Mail” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, Kanada ordusu hazırda Baş nazir Mark Karninin siyasi qərarını gözləyir və bu qərar həftənin əvvəlində verilə bilər.

Donald Tramp yanvarın 17-də özünün sosial media hesabında Ağ Evin Qrenlandiyaya qoşun yerləşdirən Böyük Britaniya, Almaniya, Danimarka, Niderland, Norveç, Finlandiya, Fransa və İsveçə 10 faiz rüsum tətbiq edəcəyini və bu tariflərin onların adanın Vaşinqtona təhvil verilməsi barədə razılığa gələnədək qüvvədə qalacağını elan edib. ABŞ dövlət başçısının bu qərarı fevralın 1-də qüvvəyə minəcək və tariflər iyunun 1-dək 25 faizə qaldırılacaq. Bundan əlavə, Amerika administrasiyasının rəhbəri Avropanın öz qüvvələrini Qrenlandiyaya göndərmək niyyətini tənqid edərək bunu “çox təhlükəli oyun” adlandırıb. Həmçinin o, iddia edib ki, adaya sahib olmaq Birləşmiş Ştatların milli təhlükəsizliyinin gücləndirilməsi və “Qızıl günbəz” raketdən müdafiə sisteminin effektiv yerləşdirilməsi üçün zəruridir.

Qeyd edək ki, 56,7 min əhalisi olan Qrenlandiya muxtar ərazi kimi Danimarkanın bir hissəsidir. 1951-ci ildə Vaşinqton və Kopenhagen Qrenlandiyanın müdafiəsi ilə bağlı müqavilə imzalayıb. ABŞ müqaviləyə uyğun olaraq adanın müdafiəsini öz üzərinə götürüb. Hazırda adada ABŞ-ın raket hücumu xəbərdarlığı sistemi və Arktika zonasına nəzarəti həyata keçirən “Pituffik” kosmik bazası yerləşir.

 

 

Seçilən
50
azertag.az

1Mənbələr