AZ

Haradasa Allahı itiribdi zəvvarlar... Rəvan Cavidin yeni şeirləri

Kulis.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu gün şair Rəvan Cavidin doğum günüdür. Kulis.az bu münasibətlə müəllifi təbrik edir və onun yeni şeirlərini təqdim edir.

Çobanyastığı falı

(Orxan Cuvarlıya...)

Darıxıramsa hələ də Bakının sahilləri üçün,

deməli, saçlarımdan və

bütün ağrıyan ümidlərimdən

əksilməyib xəzrilər, gilavarlar,

ayaq izi yoxdusa inancımın qumlu cığırlarında

deməli haradasa Allahı itiribdi zəvvarlar

deməli Məryəmin südəmər quzusunu da

parçalayıb canavarlar.

- Yerusəlim qan içindədir.

Hələ də atanla eyvandan yollara baxırsansa,

hələ də su verirsənsə dibçəkdəki güllərə

demək sən də unutmamısan bir gün öləcəyini

demək hələ də gözlərində qurumayıb

əzabının damcı yaşları.

Hələ də qaçmamısansa o nankor şəhərdən

demək mənim qədər küsməmisən Xəzərə

hələ də ümidin var adil bir səhərə

günəşli günlərə, ölümsüzlüyə və sairlərə

yalan necə yaraşırmış pinti evlərdəki şairlərə

- tək gözlü iblisə nizə yaraşan kimi.

Bu zəkkum gecələr, mübhəm gecələr

kədər sarvanına yoldu küçələr

yuxusu zəhərsə, düşü puç gələn

səhərdən mən hansı günahı seçəm?

Əlimiz cibimizdə yan-yana dayanarıq

o məşhur sərgidə

kimsənin tanımadığı tablonun önündə

yox, tanıdılarsa

deməli onlar da günahkardı.

Həyat belə başladı:

heç kim yox idi, bir Allah var idi...

həyat belə də bitəcək:

Allah yox idi, yox idi, amma günah var idi.

Göyə baxma dayanacağı

(Orxan Həsəniyə...)

Bütün ağır yaraların

bəsit bir səbəbi var

- yalnızlıq.

Bütün göz yaşlarının

axdığı yer ürəkdi.

Sən elə bilmə ki

limanlar dənizə dostdu,

bəlkə Yusif də qisas üçün

zindanda yuxu yozdu.

Həyat özü də yoruldu yaşamaqdan.

Sən demə bütün şəhərlərdə

tək qalanda üşüyür tənha adamlar

sən demə, məsələ nə azadlıq imiş

nə də ölüm qorxusu

nə də can şirin şey deyilmiş

div aşiq imiş

saçlarını hörən qıza.

Azadlıq demişkən

bir gün küçəmizdən keçəcək

zəfər nəğmələri ilə

qırmızı bayraqlarla

günəşi salamlayanların ordusu.

Mən buna inanmışam

sən də inan ki o gün

çiyin-çiyinə dayanaq

zalımın qapısının önündə.

Dağlarda qar əriməyibsə,

bənövşələr yazı gözləyirsə,

bulaqlar hələ də qaynayırsa,

çayları zəbt etməyibsə neft boruları,

bizə yaşayacaq kəndlər qalıbsa

polis işıqları aydınlandırmırsa bəzi gecələri,

qadınlar ölmürsə bəzi evlərdə,

uşaqlar ac yatmırsa bəzi otaqlarda

deməli bəzən ümid hələ yaşayır.

Yarımçıq sevgi şeiri

Səni sevmək

köhnə bir limanda

dəniz fənərinin altında gözləmək kimidir,

adını bilmədiyim küləklərlə pıçıldayıram sənə:

siqaret tüstüsünün qadın ətrinə qarışdığı otaqlarda

müqəddəs bir ruh kimi dolaşırsan bədənimdə.

Bir səs var içimdə

Kadıköy küçələrində ayrılığa yalvaran,

“getmə” deyə-deyə qürurunu oxşayan

sərxoş sevgilinin əlindəki

ayrılıq filminin vaxtı keçmiş biletiyik ikimiz də.

və birdən

bir saatlıq fasiləylə gecə ayırar bizi,

İstanbul axşamları Bakıdan xəbər gözləyər

İnadkar sevdaya boyun əymək üçün.

səni sevmək

utanmadan gülməkdir, utanmadan ağlamaq,

utanmadan unutmaq

və yenə bir başqasına aşiq olmaq,

yenə başqa şəhərə getməyə hazır durub

yerindəcə qalmaqdır.

Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti

Ufuk Özkan xəstəxanaya yerləşdirildi

Saxta ittihamlarla Nargində güllələnən Azərbaycan generalı - O, erməni müstəntiqə necə cavab vermişdi?

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
1
kulis.az

2Mənbələr