AZ

Əmək funksiyalarının məsafədən yerinə yetirilməsi şəhərdə tıxacların azalmasına müsbət təsir göstərəcək Eyyub Kərimli

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Əmək funksiyalarının məsafədən (distant) iş formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsi ilə müəyyən ediləcək. Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, məsafədən (distant) iş əmək funksiyasının məsafədən icrasına imkan verən vasitələrlə (elektron, proqram-texniki, telekommunikasiya vasitələri və s.) müəssisədən və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerlərindən kənarda (işlərin görülməsi (xidmətlərin göstərilməsi) üçün münasib olan digər yerdə) yerinə yetirilməsidir.

İqtisadçı ekspert Xalid Kərimli 525.az-a bildirib ki, pandemiyadan sonra və yeni texnologiyaların inkişafı ilə məsafədən iş bəzi sahələrdə geniş yayılıb. Buna görə də məsafədən işin tənzimlənməsi artıq qanunvericilikdə öz əksini tapır. Bu, işçilərin hüquqlarını qorumaq və öhdəliklərini rəsmiləşdirmək üçündür:

“Məsafədən işləmək məşğulluq səviyyəsinə birbaşa təsir etmir. İşi gizlətmək istəyən şəxslər hələ də qeyri-rəsmi fəaliyyət göstərə bilər, bu isə işsizlik və məşğulluq statistikasına təsir etməyəcək. Faktiki olaraq, məsafədən işin qanunvericiliyə daxil edilməsi yalnız işin rəsmiləşdirilməsini təmin edir və vətəndaşların hüquq və öhdəliklərini qoruyur”.

İqtisadçı ekspert Eyyub Kərimli hesab edir ki, əmək funksiyalarının məsafədən yerinə yetirilməsi həm vətəndaşların şəxsi xərclərinə, həm də şəhərdə tıxacların azalmasına müsbət təsir göstərəcək: “Rəqəmsallaşmış iqtisadiyyat və idarəetmə distant iş imkanlarını təmin edir, gələcəkdə həm işçilərin, həm də müəssisələrin büdcəsinə fayda gətirəcək. Prezident İlham Əliyevin Fərmanı ilə Əmək Məcəlləsinə edilən dəyişiklik məsafədən iş şəraitinin əmək müqaviləsi ilə müəyyən edilməsini nəzərdə tutur: “Bu gün qurumların çoxunda bəzi strukturlar tam distant işlə fəaliyyətə keçə bilərlər, əmək fuksiyalarının yerinə yetirilməsində heç bir çətinlik yaranmayacaq. Çünki bu gün rəqəmsallaşmış iqtisadiyyat və idarəetmə əmək funksiyalarını məsafədən, internet üzərindən idarə etməyə imkanlar yaradır. Müəyyən qurumlarda işin təşkilində xərclənən vəsaitlərin azalmasına və iş fəaliyyətlərinin daha optimallaşdırılmasına dəstək olacaq. Əlbəttə, gələcəkdə insanların gəlirlərinin yüksəlməsinə də müsbət təsir göstərəcək”.

Sevinc Qarayeva 

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
93
1
525.az

10Mənbələr