Bakı, 19 yanvar, AZƏRTAC
Çində əsasən kömürə əsaslanan elektrik enerjisinin istehsalı 2025-ci ildə son 10 il ərzində ilk dəfə azalıb.
AZƏRTAC xəbər verir ki, bərpaolunan enerji mənbələrindən istehsalın artması elektrik enerjisinə tələbatı qarşılasa da, ölkədə ümumi elektrik istehlakı rekord həddə çatıb.
Çinin Milli Statistika Bürosunun məlumatına əsasən, ötən il elektrik enerjisi istehsalı 9,72 trilyon kilovat-saat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 2,2 faiz çoxdur. Hidroenerji istehsalı dekabr ayında 4,1 faiz, ilin yekununda isə 2,8 faiz artıb. Nüvə enerjisi istehsalı isə dekabrda 3,1 faiz, 2025-ci il üzrə isə 7,7 faiz artıb.
Açıqlanan göstəricilər Çinin energetika sektorunun dekarbonizasiya istiqamətində irəlilədiyini göstərən müsbət nəticə kimi qiymətləndirilir. Bununla belə, ötən il ölkədə kömür hasilatı cüzi artaraq rekord səviyyəyə yüksəlib.
Mütəxəssislərin fikrincə, bərpaolunan enerji mənbələrinin sürətli inkişafı fonunda ənənəvi elektrik enerjisi istehsalının 2026-cı ildə sürətlənəcəyi gözlənilmir.