AZ

FIFA prezidenti Seneqal yığmasının Afrika Millətlər Kubokunun finalındakı davranışını tənqid edib

Bakı, 19 yanvar, AZƏRTAC

FIFA-nın prezidenti Canni İnfantino Seneqal yığmasının Afrika Millətlər Kubokunun final oyunundakı davranışını tənqid edib.

AZƏRTAC xəbər verir ki, həlledici matçın əlavə vaxtında hakim Mərakeş seçməsinə penalti təyin etdikdən sonra əksər seneqallı futbolçular etiraz əlaməti olaraq meydanı tərk ediblər. Bu vaxt tribunlarda da qarşıdurmalar baş verib. Bəzi Seneqal azarkeşləri meydana çıxmağa çalışaraq mühafizəçilərlə toqquşublar.

Nəticədə Seneqal futbolçuları meydana geri dönüblər, lakin Mərakeş millisinin oyunçusu Brahim Diaz penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.

“Biz bəzi azarkeşləri, həmçinin Seneqal yığmasının futbolçularını və heyət üzvlərini qətiyyətlə qınayırıq. Meydanı bu cür tərk etmək qəbuledilməzdir. Həmçinin idmanda zorakılıq yolverilməzdir. Hər zaman hakimlərin qərarına hörmətlə yanaşmalıyıq. Komandalar yalnız qaydalar çərçivəsində mübarizə aparmalıdır, çünki hər hansı bir pozuntu futbolun mahiyyətini zəiflədir. Komandalar və oyunçular, həmçinin azarkeşlərə və milyonlarla izləyici üçün nümunə olmalıdır”, - deyə İnfantino bildirib.

Qeyd edək ki, final matçında Seneqal əlavə vaxtda Mərakeşə 1:0 hesabı ilə qalib gələrək kubokun sahibi olub.

Seçilən
157
2
azertag.az

4Mənbələr