20 Yanvar faciəsi xalqımızın tarixində ən ağır faciələrdən biri, eyni zamanda milli ləyaqətin, azadlıq iradəsinin və mübarizə əzminin təzahürü kimi yadda qalmışdır. Qanlı Yanvar hadisələri Sovet dövlətinin öz vətəndaşlarına qarşı törətdiyi ən qəddar cinayətlərdən biri olmaqla yanaşı, imperiya sisteminin siyasi və mənəvi iflasını da açıq şəkildə nümayiş etdirmişdir.
Qanlı yanvar hadisələri ani baş verməmiş, uzun illər ərzində aparılan düşünülmüş siyasətin nəticəsi olmuşdur. 1987-ci ildən başlayaraq azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından kütləvi deportasiyası, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi istiqamətində atılan addımlar regionda gərginliyi sürətlə artırmışdı. Bu proseslərə hüquqi və siyasi qiymət vermək əvəzinə, mərkəzi Sovet rəhbərliyi xalqın haqlı etirazını zor gücü ilə susdurmaq yolunu seçdi və bununla da insanlıq əleyhinə ağır cinayət törətdi.
1990-cı ilin yanvarında Bakıya və bir sıra rayonlara SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsinin 66 mindən artıq hərbçisi yeridildi. Bu qüvvələrin tərkibinə Stavropol, Rostov, Krasnodar bölgələrindən səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. Qoşun hissələri Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi. Bu fakt əməliyyatın təsadüfi deyil, planlı və məqsədli olduğunu təsdiqləyir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası (Sov.İKP) MK-nın baş katibi Mixail Qorbaçovun əmri ilə Bakıya və digər bölgələrə qoşun yeridildi. Qadın, uşaq, qoca demədən dinc əhali ağır texnikadan və müxtəlif silahlardan atəşə tutuldu. Bu hadisələr Sovet ordusunun hüquqi dövlət prinsiplərini tam şəkildə tapdaladığını və işğalçı qüvvəyə çevrildiyini göstərdi.
“Bakı əməliyyatı”na SSRİ müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin və Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini Filip Babkov birbaşa rəhbərlik edirdilər. Fövqəladə vəziyyət barədə əhali məlumatlandırılmamış, qoşun hissələri yanvarın 19-da saat 21:00-dan etibarən şəhərə daxil olmuşdu. Yanvarın 20-də saat 00-dan hərbi əməliyyatlarda tanklardan, zirehli maşınlardan və Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən istifadə edilmiş, desant çıxarılmışdı. Fövqəladə vəziyyət barədə rəsmi məlumat yalnız səhər saat 5:30-da elan edilmişdi ki, bu da törədilmiş cinayətin miqyasını daha da ağırlaşdırır.
Faciə nəticəsində 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs edilmişdir. Yüzlərlə ev və mənzil, onlarla nəqliyyat vasitəsi, o cümlədən təcili yardım maşınları məhv edilmiş, dövlətə və vətəndaşlara milyonlarla rubl dəyərində ziyan vurulmuşdur. Bu rəqəmlər təkcə statistika deyil, sarsılmış ailələrin və məhv edilmiş həyatların acı göstəricisidir.
Faciənin ertəsi günü – yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bəyan etdi. Ulu Öndər 20 Yanvar hadisələrini hüquqa, demokratiyaya və humanizmə zidd cinayət kimi qiymətləndirdi, mərkəzi Sovet rəhbərliyinin və o dövrkü respublika rəhbərlərinin məsuliyyətini açıq şəkildə ifadə etdi. Bu tarixi mövqe xalqın ümidini dirçəltmiş, ədalət axtarışının mənəvi əsasını formalaşdırmışdır.
20 Yanvar hadisələri Sovet imperiyasının Azərbaycandakı siyasi və hüquqi dayaqlarını tam şəkildə sarsıtdı. Xalqın Sov.İKP-yə və mövcud rejimə qarşı nifrəti son həddə çatdı, minlərlə insan partiya sıralarını tərk etdi. Bu hadisə imperiya sisteminin artıq xalqın iradəsinə qarşı dura bilmədiyini göstərdi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində, 1994-cü il martın 29-da isə Milli Məclis səviyyəsində 20 Yanvar faciəsinə rəsmi siyasi-hüquqi qiymət verildi. Qəbul olunan qərarlarda bu hadisə totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi təsbit edildi, günahkarlar konkret şəkildə göstərildi.
Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə kompleksinin, Yasamal rayonundakı “20 Yanvar” dairəsində isə memorial abidə kompleksinin ucaldılması, həmçinin “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi, şəhid ailələrinə və hadisələr zamanı əlillik almış şəxslərə göstərilən sosial dəstək dövlətin bu kateqoriyadan olan şəxslərə diqqət və qayğısının real ifadəsidir. Son illərdə həyata keçirilən sosial islahatlar nəticəsində şəhid ailələri və əlilliyi olan şəxslər üçün təqaüdlər, mənzil və avtomobil təminatı, reabilitasiya xidmətləri əhəmiyyətli dərəcədə genişləndirilib.
20 Yanvar milli azadlıq hərəkatının dönüş nöqtəsidir, həmin gün xalq öz müstəqilliyi uğrunda ilk böyük qurbanlarını verdi. Bu hadisə milli kimliyin formalaşmasına, dünya azərbaycanlılarının təşkilatlanmasına və azadlıq ideyasının dönməz xarakter almasına güclü təsir göstərdi. 20 Yanvar şəhidlərinin ruhu azad və suveren Azərbaycanda ehtiramla anılır. Xalqın illərlə davam edən mübarizəsi nəticəsində ərazi bütövlüyü və suverenlik təmin olunmuş, üçrəngli dövlət bayrağı bütün ərazilərdə dalğalanır. Bu reallıq 20 Yanvar şəhidlərinin verdiyi qurbanların tarixi mənasını bir daha təsdiqləyir. Həmin tarix xalqın sarsılmaz iradəsinin, milli ləyaqətinin və azadlıq eşqinin əbədi təcəssümü olaraq yaşayır.
Bədəl Bədəlov
Milli Məclisin deputatı