Bakıdakı "Əli və Nino" kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərili "Liv Bona Dea Hospital"dan şikayətçidir.
O, yanvarın 14-də səhər saat 7-də sözügedən xəstəxanaya planlı açıq ginekoloji əməliyyat üçün gedib.
Əməliyyatdan sonra dəhşətli ağrı hiss edib və nə qədər kömək istəsə də, ona məhəl qoyulmayıb. Əksinə, tibb personal onunla kobud rəftar edib, yarasının üzərinə qab atılıb.
İddialara görə, xəstəxanada yer olmadığı üçün əməliyyat ginekoloji deyil, kardioloji şöbədə həyata keçirilib.
Nigar Köçərli həyat yoldaşı, "Qanun" Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğluna əməliyyatın gedişi zamana heç bir məlumat verilmədiyini də bildirib.
"Normal halda 1–2 saatlıq əməliyyatın 6 saat uzanmasının səbəbi barədə nə əməliyyat zamanı, nə də əməliyyatdan sonra yoldaşıma heç kim məlumat verməyib. Əvəzində o, qapı-qapı, mərtəbə-mərtəbə qaçaraq elementar bir məlumat almağa çalışıb.
Halbuki sonradan məlum oldu ki, xəstəxanada video görüntülü gözləmə otağına, palataya və hətta tibb bacısının dediyinə görə, reanimasiya otağına da dəvət edilə bilərdilər", - Nigar Köçərli qeyd edib.
Onun sözlərinə görə, problemlər bununla bitməyib, xəstəxanadan çıxanda da qeyri-peşəkarlığın şahidi olub."Yanvarın 16-da, nəhayət, xəstəxanadan çıxdım. Qapıdan çıxanda yoldaşım boynumdan sallanan şlanqı gördü.
Məlum oldu ki, bu, epidural anesteziyadan sonra qalan və həmin gün çıxarılmalı olan şlanq və yara bandlarıdır. Təsəvvür edin, 3 gün ərzində heç kim buna baxmayıb və maraqlanmayıb. Bir saatdan sonra onu çıxartdılar". Nigar Köçərli bildirib ki, belində yara bandları qaldığına görə hazırda bişməcədən əziyyət çəkir.
Sırağagün Şahbaz bəy bu barədə kiçik bir “Facebook” postu paylaşıb. Ondan sonra kardioloji şöbədən bir nəfər onunla əlaqə saxlayıb deyib ki, “sadəcə smenlə bəxtiniz gətirməyib”.
Mən hər şeyə rasional yanaşmağa, hər hadisədən nəticə çıxarmağa çalışıram. Deyin, xahiş edirəm, mən nə etməli idim ki, belə qəddarcasına rəftar olunmayaydı? Öncədən özümü köhnə qaydalara uyğun baş həkimə tapşırtmalıydım?
Tibb personalının cibinə pul qoymalıydım? Yoxsa canımı qurtarmaq üçün xaricə qaçmalıydım?"
Yayılan iddialarla bağlı “Cebheinfo.az”-ın əməkdaşı "Liv Bona Dea Hospital” ilə əlaqə saxlayıb.
Hospitaldan bildirilib ki, məsələ ilk gündən diqqətlə araşdırılır:
“Artıq qeyd olunan məsələ ilə bağlı xəstə yaxınları ilə hospitalımızın baş həkimi şəxsən əlaqə saxlayıb, baş vermiş hallar ətraflı şəkildə müzakirə olunub. Bildiririk ki, xəstə əməliyyatdan sonra oyanma otağında tibbi protokollara tam uyğun olaraq nəzarətə götürülmüş və ilkin mərhələdə müvafiq ağrıkəsici dərmanlar və anestezioloji preparatlar tətbiq edilmişdir.
Anesteziya təsiri altında olan xəstəmizin fiziki müayinə və ağrı kontrolu sonrası əsas müalicə həkimi ilə müzakirə edilərək klinik vəziyyətinə uyğun şəkildə epidural kateter tətbiq olunmuşdur.
Tədbiq olunmuş tibbi müdaxilələr və əməliyyatın uğurla tamamlanması ilə bağlı müalicə həkimi xəstəmizin həyat yoldaşına da məlumat vermişdir. Xəstə anatomiyası və icra olunan əməliyyatın növü ağrı kontrolu prosesinin müddətinə təsir edir. Bu xəstəmizdə də ümumi əməliyyatxanadan yatış otağına göndərilməsi prosesi gözləniləndən daha çox zaman almışdır”.
Qeyd edilib ki, xəstə əməliyyatdan çıxdığı gün Anesteziologiya şöbəsinin rəhbəri tərəfindən yatış otağında müayinə olunmuş və ağrısının azladığı təsbit edilmişdir:
“Anestezioloqun ikinci günü müayinəsində xəstənin konfortu üçün epidural kateterin xəstəmizin çıxış edəcəyi ana qədər saxlanılması qərarı alınmışdır. Eyni zamanda, xəstəmiz yatış otağında olarkən də məmnuniyyət şöbəmiz və baş tibb bacısı tərəfindən ziyarət edilmiş, şikayətləri dinlənilmiş və araşdırmalara başlanılmışdır.
Xəstəmiz xəstəxanadan sağalaraq evə çıxış etdikdən sonra araşdırmalarımızın nəticəsi baş həkimimiz tərəfindən həyat yoldaşına telefon zəngi vasitəsi ilə də məlumat verilmişdir.
Aidiyyəti şikayətlər və sosial media paylaşımları bizim üçün nə qədər üzücü olsa da, xəstəmizin sağalaraq evinə yola salınması bizim ən böyük xoşbəxtliyimizdir. Yuxarıda qeyd olunanlar xaricində imicimizə zərər vurmağa yönəlmiş qeyri-etik yanaşmaların heç birini qəbul etməməklə bərabər, iddiaların tərəfimizə hüquq müstəvisində rəsmi şəkildə yönləndiriləcəyi halda müvafiq orqanlara tibbi qeydləri və bütün xəstələrimizin məhrəmiyyətini qoruyan kamera qeydlərimizi də paylaşmağa hazırıq”.