AZ

Moskva yenə Bakı ilə şantaj dilində danışır: Rusiya Azərbaycanın müstəqilliyi ilə niyə barışmır?!

Postsovet məkanında geopolitik balansların dəyişdiyi, imperiya düşüncəsinin isə hələ də Kremlin siyasi reflekslərində yaşadığı bir dövrdə Rusiya yenidən köhnə təhdid və şantaj dilinə qayıdır. Son günlər Moskva tərəfindən səsləndirilən açıqlamalar göstərir ki, Azərbaycan kimi müstəqil və suveren dövlətlərin öz yolunu seçməsi Kreml üçün hələ də qəbulolunmazdır.

Xüsusilə Rusiyanın ideoloji mərkəzlərindən biri kimi təqdim edilən və anti-Azərbaycan mövqeyi ilə tanınan politoloq Aleksandr Duqinin açıqlamaları bu niyyətin açıq etirafına çevrilib. O, açıq şəkildə Azərbaycanın və digər postsovet ölkələrinin suverenliyini hədəfə alaraq, Moskvanın bu müstəqilliklə “barışmamalı” olduğunu bəyan etməklə Kremlin regiona baxışında dəyişməz qalan imperial iddiaları bir daha üzə çıxarıb.

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a danışıb.

MEHEMMED.jpg

Politoloq qeyd edib ki, uzun illər Rusiyanın əsas ideoloqlarından biri hesab edilən Aleksandr Duqinin Azərbaycan və Mərkəzi Asiya ölkələrinin suverenliyini inkar edən açıqlamaları təsadüfi deyil:

“Bu yanaşma Rusiyanın klassik imperiya düşüncəsinin ideoloji ifadəsidir. Artıq beynəlxalq hüquq sistemi faktiki olaraq zəifləyib və böyük güclər təsir zonalarını açıq şəkildə müəyyənləşdirməyə başlayıblar.

ABŞ Qərb yarımkürəsində öz geosiyasi mövqelərini möhkəmləndirir. Rusiya isə paralel şəkildə Cənubi Qafqaz və Mərkəzi Asiyanı öz “təbii periferiyası” elan etməyə çalışır. Bu strategiyanın açıq ifadəsi 2021-ci ilin dekabrında Vladimir Putinin ABŞ və NATO-ya təqdim etdiyi ultimatumda öz əksini tapmışdı. Həmin sənəddə Qərbin keçmiş postsovet məkanından geri çəkilməsi tələb olunur və bu region Rusiyanın müstəsna geostrateji maraq zonası kimi təqdim edilirdi. Ötən ay Vladimir Putinin “sovet xalqları” ifadəsini rəsmi dövriyyəyə qaytarması da təsadüfi addım deyil.

Bu, Rusiyanın imperiya ambisiyalarından geri çəkilmədiyini, əksinə, onları ideoloji və siyasi müstəvidə yenidən legitimləşdirməyə çalışdığını göstərir. Kremlin mövqeyi Solovyov, Duqin kimi propaqandistlərin dili ilə ictimai rəyə ötürülür”.

Politoloqun fikrincə, Rusiya Cənubi Qafqaz və Mərkəzi Asiyaya dair konkret planlara malikdir:

“Duqin açıq şəkildə bəyan edir ki, Azərbaycan və digər postsovet ölkələri Rusiyanın rəhbərlik etdiyi ittifaq strukturlarında yer almalıdır. Bu, bərabərhüquqlu əməkdaşlıq deyil, açıq şəkildə asılılıq modelidir. Görünür, Moskva Ukrayna müharibəsində qələbə qazanacağı təqdirdə region ölkələrinə qarşı siyasi, iqtisadi və təhlükəsizlik təzyiqlərini artırmağı planlaşdırır. Lakin reallıq ondan ibarətdir ki, Rusiyanın Ukrayna müharibəsində strateji qələbə əldə etmək şansı yoxdur. ABŞ-nin formalaşdırdığı yeni qlobal siyasi nizam Rusiyaya fövqəldövlət statusu verilməsini nəzərdə tutmur. Moskvanın Ukraynaya qarşı müharibəsi əslində postsovet məkanına tam nəzarət və itirilmiş imperiya statusunun bərpası məqsədi daşıyırdı.

Rusiya qonşu dövlətlərlə normal, qarşılıqlı hörmətə əsaslanan münasibətlər sistemi qurmaq əvəzinə onları özündən asılı vəziyyətə salmaq strategiyasını seçib. Bu isə region ölkələrinin suverenliyi və təhlükəsizliyi üçün birbaşa təhdiddir”.

Məhəmməd Əsədullazadə sonda vurğulayıb ki, Azərbaycan Duqinin açıqlamalarına səssiz qalmamalıdır:

“Ona qarşı sanksiyaların tətbiqi, ölkəmizə girişinə qadağa qoyulması və Rusiya tərəfindən rəsmi izahat tələb olunması tam əsaslı və legitim addım olardı. Bu, Azərbaycanın suverenliyinə və beynəlxalq hüquqa hörmət tələb edən prinsipial mövqeyidir”.

Seçilən
28
editor.az

1Mənbələr