Vətəninfo.az xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) yeni kadr təyinatı həyata keçirilib. Yeni təyinatla Ayaz Elman oğlu Əliyev konfederasiyanın aparat rəhbəri təyin edilib.
Ayaz Əliyev bu təyinata qədər İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb. 1974-cü ildə Mingəçevirdə anadan olan Ayaz Əliyev Mingəçevir Politexnik İnstitutunun İqtisadiyyat və İdarəetmə, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
1996-2001-ci illərdə Mingəçevir Politexnik İnstitutunda müəllim işləyən Ayaz Əliyev 2001-2003-cü illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2003-2008-ci illərdə Daxili nəzarət və Daxili audit şöbələrində rəhbər vəzifələrdə fəaliyyət göstərib. Kiçik vergi xidməti müşaviri xüsusi rütbəsinə malikdir.
2008-2014-cü illərdə İqtisadiyyat və Sənaye Nazirliyinin Aparatında şöbə müdiri, 2014-cü ildən Aparat rəhbərinin müavini, 2017-ci ildən isə Aparat rəhbəri vəzifəsində çalışıb.
Ayaz Əliyev 2012-ci ildə Azərbaycan Prezidenti tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə medalı”, 2019-cu ildə isə “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif olunub. Dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsinə malikdir.
O, ailəlidir və üç övladı var.