Ağ Evin Qəzzada atəşkəsin ikinci mərhələsinin bir hissəsi olaraq yaradılan "Sülh Komitəsi" və Qəzza İdarəçiliyi üzrə Milli Komitənin üzvlərini elan etməsi Təl-Əvivdə ciddi reaksiyalara səbəb olub.
Publika.az xəbər verir ki, İsrailin "I24" xəbər agentliyi "Türkiyə üçün tam qələbə" başlığı ilə bu barədə məlumat paylaşıb.
Bildirilib ki, İsrail baş naziri Benyamin Netanyahu məsələ ilə bağlı keçirilən kabinet iclasında Türkiyə və Qətərin "Qəzza Sülh Şurası"na daxil edilməsini qətiyyətlə pisləyib.
Knesset müxbiri Amiel Yerahinin sözlərinə görə, iclas zamanı gərginlik yaranıb. O bildirib ki, nazirlərin əksəriyyəti Qəzzada "Sülh Şurası"nın yaradılmasını təhlükəsizlik baxımından "məsuliyyətsiz addım" adlandırıblar və bəzi nazirlər iclası məyus şəkildə tərk edib. Netanyahunun nazirləri sakitləşdirmək üçün ABŞ prezidenti Donald Trampdan aldığı təminatları paylaşdığı qeyd olunub.

İsrailin "Kanal 14" telekanalına əsasən, diqqət Tehrana yönəlsə də, əsl təhlükənin Qəzzada olduğu barədə xəbərdarlıq edilib. Bildirilib ki, Qəzza zolağında Türkiyə hərbi mövcudluğu İsraili "sıfır nöqtəsinə" qaytaracaq.