Təhsilalanlar və əcnəbilərlə də əmək müqaviləsi bağlana biləcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Qanuna əsasən, təhsilalanların istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda da əmək müqaviləsinin müəyyən müddətə bağlanılmasına yol veriləcək.
Bu yenilik həmin şəxslərin gələcək iş həyatlarına öz təsirini necə göstərəcək?
Redaktor.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov qeyd etdi ki, bu, çox ciddi və önəmli bir dəyişiklikdir.
Millət vəkilin fikrincə, buna çoxdan ehtiyac var idi:
"Çünki bu gün bizim elə tələbələrimiz var ki, onlar oxumaqla bərabər işləmək də istəyirlər. Onların işə də ehtiyacları var. Müəyyən hallarda işlədikləri zaman müəyyən problemlərlə üzləşirdilər. Artıq bu, imkan verəcək ki, bu çətinliklər yaşanmasın. Artıq tələbələr qanunauyğun şəkildə işləyə biləcəklər və öz ehtiyaclarını da təmin edə biləcəklər. Ona görə hesab edirəm ki, bu, çox önəmli bir dəyişiklik sayılmalıdır və qiymətləndirilməlidir.
Əcnəbilərə də artıq bu imkan və fürsət yaradılıb. Hesab edirəm ki, bu da olduqca önəmli bir məsələdir. Bu, həm onların fəaliyyət göstərməsinə imkan və şərait yaradacaq, həm də Azərbaycan şirkətləri onları işə götürə biləcəklər".
Müsahibimiz vurğuladı ki, gənclərimiz həm oxuyub, həm də işləyə biləcəklər:
"Bu, onların əmək müqaviləsində öz əksini tapacaq. Gələcəkdə stajına da öz təsirini göstərəcək. Ona görə bu dəyişikliyi çox yüksək qiymətləndirirəm və hesab edirəm ki, bu, dövlətimizin həm tələbələrə, həm də gənclərə yüksək diqqəti və qayğısı kimi qiymətləndirilməlidir. Eyni zamanda dövlətimizin mühüm töhfəsi kimi qiymətləndirilməlidir. Belə qərarlar olduqca vacibdir, önəm və əhəmiyyət daşıyır. Qeyd etdiyim kimi, tələbələrimizin də təhsildə uğurlarına öz töhfəsini verəcək. İşləyəcəklər, təcrübə keçdikləri zaman bu təcrübə onların həyatında, əmək kitabçasında, tərcümeyi-halında rəsmi iş stajı kimi gedəcək. Heç şübhəsiz ki, bu, onların gələcəkdə pensiyasına, gələcəkdə həyat şəraitinə də birmənalı olaraq öz müsbət təsirini göstərəcək. Bu mənada bu qərar yüksək qiymətləndirilməlidir".
Deputat təcrübəçi tələbələrə əməkhaqqının kim tərəfindən ödəniləcəyi məsələsindən də danışdı:
“Bu, təbii ki, işəgötürən tərəfindən ödəniləcək. Mütləq şəkildə bu ödənişi işəgötürənlər həyata keçirməlidirlər”.
Aytəkin TOFİQQIZI