AZ

Prezident İlham Əliyevin praqmatik xarici siyasəti Azərbaycanın beynəlxalq sistemdə mövqelərini əsaslı şəkildə möhkəmləndirib - ŞƏRH

Bakı, 19 yanvar, AZƏRTAC

Müasir Azərbaycanın xarici siyasəti artıq klassik müdafiə və ya gözləmə strategiyası ilə xarakterizə olunmur. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan diplomatik xətt proaktiv, nəticəyönlü və strateji hədəflərə hesablanmış bir model kimi çıxış edir. Qloballaşan dünyada beynəlxalq sistemin dərin transformasiya mərhələsinə daxil olduğu, beynəlxalq hüququn selektiv tətbiq edildiyi və güc balanslarının dəyişdiyi bir dövrdə Azərbaycan öz mövqeyini aydın, prinsipial və tərəddüdsüz şəkildə ortaya qoyur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Amid Əliyev söyləyib.

O bildirib ki, son illərdə Prezident İlham Əliyevin xarici siyasətdə əsas uğurlarından biri Azərbaycanın beynəlxalq siyasi gündəliyi formalaşdıran aktora çevrilməsidir. Xüsusilə postmünaqişə dövründə rəsmi Bakı yalnız regional təhlükəsizlik məsələlərində deyil, eyni zamanda, enerji, nəqliyyat, iqtisadi diplomatiya və qlobal əməkdaşlıq sahələrində təşəbbüskar mövqedən çıxış edir. Bu yanaşma Azərbaycan diplomatiyasının artıq gündəm yaradan və prosesləri istiqamətləndirən xarakter daşıdığını təsdiqləyir.

Prezident İlham Əliyevin həyata keçirdiyi çevik və praqmatik xarici siyasət kursu Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçməsində xüsusi rol oynayıb. Özbəkistan, Qazaxıstan və Türkmənistanla münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 2024-cü ildə Özbəkistan ilə imzalanan müttəfiqlik münasibətləri haqqında Müqavilə Mərkəzi Asiya regionunda Azərbaycanın ilk müttəfiqlik sazişi kimi mühüm siyasi və geosiyasi əhəmiyyət daşıyır. Bu əməkdaşlıq, eyni zamanda, Türk Dövlətləri Təşkilatı çərçivəsində institusional müstəviyə daşınıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkilat daxilində nəqliyyat-logistika inteqrasiyası, investisiya mexanizmləri və iqtisadi koordinasiya gücləndirilib. Orta Dəhlizin inkişafı, Xəzər üzərindən yükdaşımaların artması və Bakı–Tbilisi–Qars dəmir yolunun strateji funksiyası Azərbaycanın Avropa ilə Asiya arasında əsas tranzit və əlaqələndirici mərkəzə çevrildiyini göstərir.

“Prezident İlham Əliyevin praqmatik siyasətinin digər mühüm istiqaməti Ərəb dünyası ilə əməkdaşlığın dərinləşdirilməsidir. Son illərdə Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər və digər Körfəz ölkələri ilə siyasi dialoq və iqtisadi əməkdaşlıq yeni mərhələyə yüksəlib. 2023-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında Strateji Əməkdaşlığa dair Saziş imzalanıb. O cümlədən “Masdar” şirkətinin Azərbaycanda bərpaolunan enerji layihələrinə cəlb olunması Prezident İlham Əliyevin enerji diplomatiyasının uzunmüddətli və gələcəyə hesablanmış xarakterini nümayiş etdirir.

Ərəb dünyası ilə əməkdaşlıq, həmçinin İslam Əməkdaşlıq Təşkilatı və D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də ardıcıl şəkildə genişlənir. Azərbaycanın D-8 ilə münasibətləri Prezident İlham Əliyevin müsəlman ölkələri arasında iqtisadi həmrəyliyi gücləndirməyə yönəlmiş siyasətinin tərkib hissəsidir. D-8 platformasında Azərbaycan ticarət, investisiya, nəqliyyat və enerji sahələrində əməkdaşlıq imkanlarını genişləndirərək inkişaf etməkdə olan ölkələrlə iqtisadi əlaqələrini şaxələndirir.

Prezident İlham Əliyevin uzaqgörən siyasəti çərçivəsində Azərbaycan Avrasiya məkanında iqtisadi əməkdaşlıq platformaları ilə də balanslı münasibətlər qurur. Avrasiya İqtisadi İttifaqına üzv olmadan bu qurumla qarşılıqlı fəaliyyət mexanizmlərinin saxlanılması Azərbaycanın müstəqil qərarvermə imkanlarını qoruyaraq regional iqtisadi proseslərdə iştirakını təmin edir. Bu, dövlətimizin başçısının “tam inteqrasiya yox, faydalı əməkdaşlıq” prinsipinə əsaslanan xarici siyasət xəttinin bariz nümunəsidir.

Xarici siyasətdə xüsusi yer tutan istiqamətlərdən biri də Çin Xalq Respublikası ilə münasibətlərdir. Prezident İlham Əliyevin Çinə münasibətdə həyata keçirdiyi siyasət strateji praqmatizm üzərində qurulub. Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsündə əsas tranzit ölkələrdən biri kimi çıxış edir. Bakı ilə Pekin arasında yüksək səviyyəli siyasi dialoqun intensivləşməsi, Çin şirkətlərinin Azərbaycanın nəqliyyat və logistika infrastrukturuna marağının artması bu münasibətlərin real iqtisadi və geosiyasi məzmun daşıdığını göstərir. Azərbaycan, eyni zamanda, Şanxay Əməkdaşlıq Təşkilatı ilə dialoq tərəfdaşı statusu vasitəsilə Avrasiya təhlükəsizlik və iqtisadi arxitekturasında mövqelərini möhkəmləndirir”,-deyə A.Əliyev bildirib.

Politoloqun sözlərinə görə, qlobal enerji böhranı fonunda Azərbaycanın Avropa üçün strateji tərəfdaş kimi mövqeyinin güclənməsi də Prezident İlham Əliyevin çevik enerji diplomatiyasının nəticəsidir: “Cənub Qaz Dəhlizi, qaz ixrac coğrafiyasının genişlənməsi və bərpaolunan enerji layihələri Azərbaycanın beynəlxalq siyasi çəkisini əhəmiyyətli dərəcədə artırır və ölkəni etibarlı tərəfdaş kimi ön plana çıxarır”.

Ekspert onu da vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi çevik, uzaqgörən və praqmatik xarici siyasət Azərbaycanın beynəlxalq sistemdə mövqelərini əsaslı şəkildə möhkəmləndirib. Mərkəzi Asiya, Ərəb dünyası, Çin, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı və Avrasiya iqtisadi platformaları ilə paralel və balanslı əməkdaşlıq modeli Azərbaycanın nə regional, nə də qlobal proseslərdə kənarda qalan tərəf olmadığını açıq şəkildə nümayiş etdirir. “Bu siyasət Azərbaycanın ideoloji bloklaşmalardan uzaq duraraq milli maraqlara əsaslanan qərarlar qəbul etməsinə, iqtisadi və siyasi manevr imkanlarını genişləndirməsinə şərait yaradır. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq beynəlxalq gündəmin formalaşmasında iştirak edən, regional sabitliyə töhfə verən və qlobal əməkdaşlıqda etibarlı tərəfdaş kimi çıxış edən müstəqil və güclü siyasi subyekt statusunu möhkəmləndirib. Bu kurs ölkənin uzunmüddətli təhlükəsizliyinin, iqtisadi dayanıqlığının və beynəlxalq nüfuzunun təmin olunmasına xidmət edən strateji xətt kimi öz aktuallığını qoruyur”, - deyə A.Əliyev qeyd edib.

Seçilən
178
azertag.az

1Mənbələr