AZ

SSRİ-nin cinayətləri onun çöküşünü sürətləndirdi - FOTO

Totalitar rejimlərin mahiyyəti xalqların azadlığını əlindən almaq, işıqlı insanların düşüncəsini boğmaq olub. Qənaətimcə, sovet imperiyasının 1990-cı ilin 20 Yanvarında törətdiyi qanlı hadisələr də oxşar ssenaridir. Terrorun, soyqırımın, repressiyanın məkanı, zamanı fərqli ola bilərdi. Amma mahiyyət eynidir. 1920-ci ilin 28 aprelindən başlayaraq 1990-cı ilin 20 Yanvar faciəsinə qədər totalitar rejimin dinc insanlara qarşı törətdiyi qanlı hadisələrə nəzər salsaq tarixin acı gerçəkliyi ortaya çıxır.

Həmin rejim terroru, repressiyanı dövlət siyasətinə gətirmişdi. Azərbaycan xalqının genefonduna birbaşa zərbə olan repressiya tarixini mən müəyyən qədər də olsa araşdırmışam. Gerçəkdən həmin dövrə nəzər salarkən Azərbaycanın böyük şəxsiyyətlərinin narahat ruhlarının harayını eşidirdik. O incidilmiş insanları ruhən dostlarım hesab edirəm. Dəhşətli faktdır ki, repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet respublikaları içərisində öndə olub. 30 ildən artıq davam edən repressiya nəticəsində Azərbaycanda öldürülənlərin sayının təxmini olaraq 70-120 min nəfər arasında dəyişdiyi ehtimal olunur. Bu rəqəmlərin artıb azalması mümkündür.

Bir ölkədə hüquq işləmirsə, ədalət yoxdursa və digər neqativ hallar dərinləşirsə, həmin quruluşun ömrü gec-tez başa çatır. Və 1990-cı ilin 20 Yanvar hadisələrindən, Bakı qırğınlarından sonra SSRİ adlı imperiyanın çöküşü başladı. Totalitar rejimin zəifləməsi və tamamilə dağılması nəticəsində Azərbaycanla bərabər SSRİ-nin tərkibində olan digər respublikalar da müstəqilliklərinə qovuşdular.

Bu gün həmin sovet quruluşunun xiffətini çəkən və onu bərpa etmək istəyən qüvvələr var. Amma, lakin bu məkrli niyyət heç zaman baş tutmayacaq. Həmin totalitar rejimin xalqların həyatına gətirdiyi dəhşətləri heç kim, hətta gələcək nəsillər də unutmamalıdır. Unutmamalıyıq ki, azadlıq, müstəqillik bəxşiş edilmir, qanla qazanılır.

Bu gün istər 20 Yanvar, istərsə də sonrakı dönəmlərdə Azərbaycan ərazi bütövlyünün bərpası uğrunda şəhid olan qardaşlarımızı ehtiramla anırıq. Şəhidlik yalnız türk-müsəlman xalqlarında olur. Onların azadlıq ideyalarına sadiq olmaq bizim məsuliyyətli davranışımız olmalıdır.

 

Əkrəm Bəydəmirli

Seçilən
42
qht.az

1Mənbələr