AZ

Rus şovinistləri iş başında: Putinin dili ilə danışırlar

Avrasiya İqtisadi İttifaqının ideoloqu sayılan Aleksandr Duqin Qazaxıstan və digər postsovet ölkələrini suverenliyindən məhrum etməyə çağırıb.

Rus filosofu və ideoloqu müstəqil dövlətlər dövrünün bitdiyini bəyan edib və Moskvanın nəzarəti altında bir ittifaq yaratmağı təklif etdi.

Duqin efirdə çıxış edərək Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Ermənistan, Gürcüstan və Azərbaycanın dövlət müstəqilliyini və suvüerenliyini ləğv etməyə açıq çağırış edib:

“Suveren Ermənistanın və ya suveren Gürcüstanın, yaxud suveren Azərbaycanın, suveren Qazaxıstanın, suveren Özbəkistanın, Tacikistanın və Qırğızıstanın mövcudluğu ilə razılaşmaq olmaz. Onun fikrincə, yeni geosiyasi reallıqda müstəqil ölkələrə yer ola bilməz.

Rusiyanın təsiri altına düşməyən bütün ərazilər Qərb, Avropa Birliyi, Amerika və ya Çin üçün tramplin olacaq. Duqin Rusiyanın artıq heç kimin hörmət etmədiyi beynəlxalq hüquqdan imtina etməsini və yeni bir siyasi model - Avrasiya “Monro doktrinası” yaratmasını təklif edib. 

“Beynəlxalq hüququ bir kənara qoyun... Aktiv qarşıdurmaya girin... Tramp kimi davranmağa başlayın... Çünki başqa seçimimiz yoxdur”, - deyə Duqin bildirib.

O, həmçinin bu yeni modeldə heç bir suverenliyin mövcud ola bilməyəcəyini vurğulaylb və milli dövlətləri “keçmişin zibili” adlandırıb.

Duqinin Kremlin ideoloqu kimi tanındığını nəzərə alsaq, onun bu çıxışının siyasi emosiayalardan qaynaqlanmadığını, Rusiya hakimiyyətinin dəhlizlərindən gəlmiş sifariş olduğunu görmək olar.

Son vaxtlar Duqin kimi avantürist baxışları ilə tanınan Solovyovun da postsovet ölkələrinə qarşı Ukraynada olduğu kimi “Xüsusi hərbi əməliyyat” (İşğalçılıq müharibəsi-red.) keçirmək çağırışı bütün proseslərin bir mərkəzdən idarə olunduğunu deməyə əsas verir.

Amma nə Solovyov Ermənistanın vitse-spikeri Ruben Rubinyanın, nə də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ona “it kimi hürür” deməsindən utanır, nə də Duqin Ukraynadakı qətliyamı dəstəklədiyinə görə avtomobilindəki bomba partlayışı nəticəsində qızı Daryanın öldürülməsindən ibrət götürür. 

Solovyov və Duqin kimi müasir Rusiya cəmiyyətini zəhərləməklə yanaşı, 100 minlərlə insanı, xüsusilə gəncləri ölümə göndədir. Dörd ildir Ukraynada baş verən qətliyamların, hər iki tərəfdən sayı ən azı 1 milyon hesab edilən qırğının baiskarı Duqin kimi şovinist cinayətkarlardır. Bu azmış kimi indi də Duqin Rusiyanı başqa-başqa cəbhələrdə, dünyanın hər yerində, hamıya qarşı müharibəyə təhrik edir. 

Duqinin açıqlaması göstərir ki, Rusiya artıq MDB-ni lazımsız qurum hesab edir və qonşu dövlətləri işğal edib öz ərazisinə qatmaq barədə düşünür. Moskva əvvəllər MDB-yə alternativ kimi Rusiya və Belarus arasında yaradılmış İttifaq Dövlətini görürdü. Bu model “SSRİ-2” adı altında, yəni birliyə daxil olan digər dövlətlərə məhdud suveren hüquqların verilməsini, mərkəzi idarəçilyin isə Rusiyada olmasını nəzərdə tuturdu. 

Lakin Duqinin təxribatçı açıqlaması Rusiyanın postsovet ölkələrinə qarşı ərazi iddiasında olduğunu, onların müstəqilliyini və suveren hüquqlarını tanımamaq planlarından xəbər verir. Təbii ki, bütün bunlar siyasi illüziyadır. Çünki 4 ildir davam edən müharibədə Ukraynanın şərq vilayətlərini belə, tamamilə işğal edə bilməyən Rusiyanın müasir orduya, beynəlxalq suveren hüquqlara malik olan bütün dövlətləri işğal və ilhaq edəcəyindən danışmaq sadəcə absurddur.

Ukraynada düşdüyü müharibə bataqlığından çıxa bilməyən Rusiyanın eyni zamanda, bir neçə cəbhədə döyüşməsinin mümkünlüyünü yalnız Duqin kimi şovinistlər düşünə bilər. 

Duqinlərin, solovyovların belə çıxışları bu gün postsovet məkanındakı müstəqil dövlətləri Rusiyadan daha uzaqlaşdıra bilər ki, bu da NATO-nun və ABŞ-nin əlini gücləndirən amilə çevrilər. 

Duqinin iddia etdiyinin əksinə olaraq, bu gün postsovet məkanındakı müstəqil dövlətlərin heç biri Rusiya üçün təhlükə yaratmır. Ukraynaya qarşı işğalçılıq müharibəsini isə Rusiya tərəfi başladıb. 

MDB-yə daxil olan ölkələrin heç biri öz ərazisindən Rusiyaya qarşı tramplin kimi istifadə edilməsinə icazə verməyib. Hətta MDB-yə daxil olan Qazaxıstan, Qırğızıstan, Ermənistan və Belarus Rusiyanın hərbi və iqtisadi müttəfiqləridir. 

Əgər Kremldəki imperiya düşüncəli şovinistlər Duqinin sözü ilə hərəkət edib həmin ölkələrə hücum etsələr, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi İttifaqı kimi ittifaqlar dağılacaq.

Müstəqil Dövlətlər Birliyi yarandığı vaxtdan Rusiyanın maraqlarının nəzərə alındığı bərabərhüquqlu və suveren əməkdaşlığın ən uğurlu modeli olub. MDB Rusiya üçün ən münasib təhlükəsizlik platforması deməkdir. 

Bu birliyi dağıtmaq və Duqin kimi məntiqsiz danışanların təxribatlarına uyub qonşu ölkələrə hücum etmək çoxsaylı münaqişələri Rusiyanın öz sərhədləri daxilinə alması deməkdir.

Sonra bu xalqların və ölkələrin azad olması isə prosesi Rusiya üçün daha dəhşətli nəticələr doğura bilər. O halda, Rusiyadan heç nə qalmaz.  

Seçilən
40
cebheinfo.az

1Mənbələr