Bizim media saytına istinadən ain.az xəbər verir.
Ölməz sevgi şairi Mikayıl Müşfiqin ata yurdu – Xızının Sayadlar kəndində yerləşən xatirə muzeyi baxımsız vəziyyətdədir. Vaxtilə böyük fədakarlıqlarla yaradılan muzey bu gün həm təbii fəlakətlərin, həm də laqeydliyin qurbanına çevrilib.1988-ci ildə Əbülhəsən Əhmədov, Cabir Novruz, Tofiq Novruzov və digər müşfiqsevərlərin təşəbbüsü ilə tikilən muzeyə 1994-cü ildə rəsmi status verilib.
Ancaq bu gün 88 il əvvəl müəmmalı şəkildə qətlə yetirilən, meyiti Xəzər sularına atılan Mikayıl Müşfiqin xatirəsini yaşadan bu məkandan gələn görüntülər təəssüf doğurur.
Cəmi 72 kvadratmetr sahəsi olan bir otaqda yerləşən eksponatlar yetərincə işıqlandırılmır. Muzeyin həyəti isə susuzluq səbəbindən səhranı xatırladır. Son iki ildə bölgəyə yağan güclü sel suları muzeyin həyəti viran qoyub.İçməli su xəttini sıradan çıxarıb. Bu səbəbdən muzeyin həyətindəki ağacların çoxu quruyub. Muzey əməkdaşları yaxınlıqdakı kiçik çaydan su daşıyaraq ağacları qorumağa çalışsalar da, bu, vəziyyəti xilas etməyə kifayət etməyib. Güclü sel suları Müşfiq muzeyinin həyətini sanki şairin taleyi kimi darmadağın edib.Sumqayıt-Xızı Regional Mədəniyyət idarəsinin Xızı rayonu üzrə nümayəndəsi Möhsün Bağırov ötən il Mədəniyyət Nazirliyinin nümayəndələrinin muzeyə baxış keçirdiyini və sənədləşmə apardıqlarını qeyd edib.Həmçinin bildirilib ki, 2026-cı ildə muzeyin binasının bərpası nəzərdə tutulur:Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Əzizov bildirib ki, keçən il sel nəticəsində zərər görən digər ərazilərlə yanaşı, Mikayıl Müşfiqin xatirə muzeyinin yerləşdiyi ərazi barədə də aidiyyəti qurumlara rəsmi məktub ünvanlayıblar. İllərin və təbiətin sınağından çıxan Müşfiqin xatirə muzeyi bu gün yenilənməyə möhtacdır. Müşfiqsevərlər isə ümid edirlər ki, şairin irsinə layiq mədəni məkan yaxın illərdə bərpa olunacaq.
Aytəkin Alxaslı, Sadiq Məmmədov, Bizim.Media, Şimal bürosu
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.