AZ

Altsheymer xəstəliyinə yeni baxış: səbəb amiloid yox, immun sistem ola bilər » AzadMedia.az



Altsheymer xəstəliyinin effektiv müalicəsinin axtarışı son illər təkcə elmi baxımdan deyil, həm də ciddi mübahisələrlə müşayiət olunur. “Amiloid hipotezi” ətrafında yaranan qalmaqallar – əsas məlumatların saxtalaşdırılması şübhələri və ABŞ-da preparatın mübahisəli şəkildə təsdiqlənməsi – alimləri bu xəstəliyə uzun illər yanlış yanaşıldığı qənaətinə gətirib. Bu barədə “The Conversation” portalı yazır.
Neyrobioloqlar bildirirlər ki, onilliklərdir aparılan tədqiqatlara baxmayaraq, beyində amiloid lövhələrinin bloklanması və ya təmizlənməsi real və effektiv müalicə nəticəsi verməyib. Bu da alimləri Altsheymerin səbəblərinə tamamilə fərqli prizmadan baxmağa vadar edir.
Kanadadakı Krembil Beyin İnstitutunun tədqiqatçıları 30 ildən artıq araşdırmalara əsaslanaraq yeni hipotez irəli sürüblər. Onların fikrincə, Altsheymer xəstəliyi klassik neyrodegenerativ yox, beynin autoimmun xəstəliyi ola bilər. Alimlər hesab edirlər ki, beta-amiloid zəhərli maddə deyil, əksinə, sinir toxumasını qoruyan normal immun molekuldur.
Araşdırmalara görə, problem ondadır ki, neyronların hüceyrə membranları bakteriyaların membranlarına bənzəyir. Nəticədə beta-amiloid beyin hüceyrələrini “yad” kimi qəbul edir və onlara hücum etməyə başlayır. Bu isə xroniki iltihaba və tədricən neyronların məhvinə səbəb olur.
Bu yanaşmaya əsasən, Altsheymer xəstəliyi immun sisteminin qoruması lazım olan orqana zərər verdiyi autoimmun proses kimi izah olunur. Lakin alimlər vurğulayırlar ki, autoimmun xəstəliklərdə istifadə olunan klassik müalicə üsulları (məsələn, steroidlər) beyin üçün uyğun deyil.
Tədqiqatçılar yeni müalicə strategiyalarının neyroiltihabın incə tənzimlənməsinə yönəlməli olduğunu düşünürlər. Yəni məqsəd amiloidi tam məhv etmək yox, beynin immun reaksiyasını düzgün idarə etmək olmalıdır.
Qeyd edək ki, dünyada hazırda 50 milyondan çox insan demensiyadan əziyyət çəkir və hər bir neçə saniyədə yeni diaqnoz qoyulur. Bu baxımdan Altsheymer xəstəliyinə tək bir nəzəriyyə ilə yox, daha geniş və kompleks yanaşma gələcək müalicələr üçün həlledici rol oynaya bilər.
Seçilən
18
1
azadmedia.az

2Mənbələr