AZ

Kürdlər terrorizm məsələsindən təzyiq aləti kimi istifadə etməkdə ittihamOLUNDU

Suriyanın keçid hökuməti terrorizm mövzusu üzərindən şantaj cəhdlərini qəti şəkildə rədd edib və kürd koalisiyası olan “Suriya Demokratik Qüvvələri”nin (SDQ) “İslam Dövləti” (İD, Rusiya Federasiyasında qadağan olunub) döyüşçülərinin saxlanıldığı həbsxanalarla bağlı iddialarını təzyiq aləti kimi qiymətləndirib.

Redaktor.az xəbər verir ki, bu barədə  “Al-İxbariya” telekanalının yaydığı açıqlamada bildirilir.

“Suriyanın keçid hökuməti terrorizm kontekstində hər hansı şantaj cəhdini qətiyyətlə rədd edir və kürd muxtar administrasiyasının İD üzvlərinin saxlanıldığı həbsxanalarla bağlı bəyanatında yer alan xəbərdarlıqları terrorizm probleminin siyasi məqsədlərlə istismarı və təzyiq forması kimi dəyərləndirir”, – deyə dövlətə məxsus “Al-İxbariya” telekanalının yaydığı açıqlamada bildirilir.

Hökumət vurğulayıb ki, bütün saxlanma mərkəzlərində təhlükəsizliyin beynəlxalq səviyyədə tanınmış standartlara uyğun şəkildə təmin edilməsinə, eləcə də saxlanılan heç bir İD üzvünün qaçmamasına və yenidən cinayət fəaliyyətinə qayıtmamasına zəmanət verir. Dəməşq eyni zamanda SDQ rəhbərliyini İD üzvlərinin qaçmasına şərait yarada biləcək “istənilən düşünülməmiş addımdan” çəkinməyə çağırıb.

Öz növbəsində Suriyanın keçid hökumətinin Müdafiə Nazirliyi Həsəkə əyalətinin cənubunda yerləşən “Əş-Şəddadi” həbsxanasından məhbusların “qəsdən azad edilməsi” məsuliyyətini SDQ-nin üzərinə qoyub.

Qeyd edək ki, bundan əvvəl SDQ Dəməşqlə əlaqəli silahlı qrupların ərazilərinə hücumlar təşkil etməsi nəticəsində baş verən toqquşmalar fonunda, minlərlə İD tərəfdarının saxlanıldığı “Əş-Şəddadi” həbsxanasına nəzarəti itirdiyini bəyan etmişdi.

Yanvarın 18-də Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şəraa kürd silahlı dəstələri ilə yeni atəşkəs razılaşmasını təsdiqləyib. Sənədə əsasən, ölkənin şimal-şərqində yerləşən Deyr əz-Zor və Rakka vilayətləri tam şəkildə Suriyanın keçid hökumətinin nəzarətinə keçir. Həsəkə vilayətində kürdlər tərəfindən yaradılmış bütün mülki qurumlar Suriya dövlət strukturlarına inteqrasiya ediləcək. Regionda sərhəd keçidlərinin və neft-qaz yataqlarının təhlükəsizliyini isə Suriya ordusu təmin edəcək.

Xədicə BAXIŞLI

Seçilən
95
1
redaktor.az

2Mənbələr