AZ

Bu ticarət Bakının üz qarasıdır -

Sumqayıtda qanunsuz küçə ticarətinə qarşı keçirilən reyd zamanı çəkilən görüntülər geniş müzakirələrə səbəb olub. Halbuki oxşar mənzərə Bakının bir çox ərazilərində, məsələn, hamının yaxşı tanıdığı “28 May” ətrafında da müşahidə olunur – limon, gül və müxtəlif xırda malların küçədə satışı adi hala çevrilib. Bu isə haqlı suallar doğurur: necə olur ki, bəzi yerlərdə küçə ticarətinə göz yumulur, digərlərində isə reydlər keçirilir? Ümumiyyətlə, küçə ticarəti hansı qaydalarla həyata keçirilməlidir və reyd zamanı satıcıların mallarının müsadirə edilməsi qanunvericiliyə nə dərəcədə uyğundur?Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Metbuat.az-a açıqlamasında bildirib ki, hər nə qədər zaman keçsə də, küçə ticarəti illər boyu mövcud olub və ən inkişaf etmiş ölkələrdə də bu var, sadəcə bizdəki formada deyil: “Azərbaycan müstəqillik qazandığı dövrdə vağzal ətrafı çox acınacaqlı vəziyyətdə idi. Eyni mənzərəni uzun illər Tbilisidəki vağzalda da görmək mümkün idi. Zaman keçdikcə vəziyyət dəyişib, lakin küçə ticarəti hələ də qalmaqdadır. Məsələn, Marseldə bələdiyyələr tərəfindən təşkil olunan balıq bazarları olur və bu bazarlar yalnız müəyyən saatlara qədər fəaliyyət göstərir. İspaniyada da bələdiyyələr sənaye mallarının və digər məhsulların satışı üçün xüsusi yerlər ayırır. Müəyyən vaxtdan sonra həmin ərazilər yığışdırılır, təmizlənir və daimi ticarət məkanı olmur. Bu cür səyyar, "yeriyən" küçə ticarəti isə çox az ölkələrdə mövcuddur. Məsələn, Afrikanın bəzi çimərliklərində buna rast gəlmək olar. Azərbaycanda da bu hallar getdikcə azalsa da, hələ də mövcuddur. Elə insanlar tanıyıram ki, artıq 30 ildən çoxdur bu işlə məşğuldurlar, yaşa dolublar. Xüsusilə əməksevər qadınlar bir yerdən digər yerə köçür, ordan-bura hərəkət edirlər. Onlar yerini dəyişirlər, çünki bu sahəyə polis nəzarət edir. Küçə ticarətinin yığışdırılmasına yerli icra hakimiyyəti orqanları, Bakı Şəhər İcra Hakimiyyəti və polis məsuliyyət daşıyır. Əslində küçə ticarətinə icazə yoxdur və onun qarşısının alınmasına məhz bu qurumlar cavabdehdir”.E.Hüseynovun sözlərinə görə, küçə ticarətində bəzən təhlükəli mallar da satılır — ayaq altında, toz-torpaq içində olan məhsullar olur, hətta avtomobildən həyata keçirilən küçə ticarəti də var: “Məsələn, Bakının Nizami küçəsində “Megastore”un qarşısında avtomobil dayanır və heç bir icazə olmadan naməlum mallar satılır. Görünür, ya mağaza sahibi ilə, ya da yerli nəzarətçi qurum ilə müəyyən əlaqələr mövcuddur. Təəssüf ki, bu hallar davam edir. İllərlə eyni işi görən, xüsusilə qadın olan o əməksevər insanlar istidə-soyuqda ağır şəraitdə çalışırlar. Onlar üçün müəyyən şərait yaradılmalı, bir məkanda toplanmaları təmin edilməlidir. Hazırda isə hər kəs bu işə nəzarət etməli olan qurumlarla hansısa formada “dil taparaq” küçə ticarəti ilə məşğul olur. Bu isə Bakının üzqarasıdır. Paytaxtda bu cür mənzərələr olmamalıdır və ticarət dükanlara, bazarlara yönləndirilməlidir. Polis orqanları bu problemin qarşısını qəti şəkildə almalıdır”. Sədr küçə ticarətinin rədd edilməsini normal hesab etsə də, malların müsadirə edilməsinin qanunsuz olduğu qənaətindədir: “Axı bunlar insanların şəxsi mülkiyyətidir. Dəfələrlə müvafiq orqanların həmin insanların pomidorlarını, limonlarını təpiklə dağıtdığını görmüşəm. Halbuki elə bir iş aparılmalıdır ki, ümumiyyətlə belə ticarət növü mövcud olmasın”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
43
8
metbuat.az

10Mənbələr