AZ

Sosial Xidmətlər Agentliyi həssas qruplara göstərilmiş dəstək işləri ilə bağlı statistikanı açıqlayıb  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın icrası, həssas qruplara dəstək göstərilməsi işləri və 2026-cı ilin hədəflərinə həsr olunan mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov qeyd edib ki, agentlik tərəfindən 6 ilə yaxın dövr ərzində respublika üzrə həssas əhali qruplarından olan şəxslərə göstərilən xidmət sayı 600 mindir.

Həmçinin postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminat proqramı 5 dəfə genişlənib. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 7000-dən çox, ümumilikdə ötən dövrdə 16 min mənzil və fərdi ev verilib. Eləcə də əlilliyi olan şəxslərə postmüharibə dövründə 567, ümumilikdə ötən dövrdə 7700 avtomobil təqdim edilib.

Bildirilib ki, 2025-ci ildə şəhid ailələrinin üzvləri və digər imtiyazlı şəxslərdən ibarət 1620 nəfər yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib. Onlardan 96-sı şəhid ailəsi üzvləridir. Agentlik fəaliyyətə başladığı 2020-ci ildən bu günədək yollayış ilə təmin edilən şəxslərin sayı isə 14 mindən çoxdur.

Ötən il Sosial Xidmətlər Agentliyi tərəfindən 3888 şəxsə evdə sosial xidmət göstərilib. Xidmət göstərilən şəxslər arasında şəhid ailələrinin üzvləri də var. Belə ki, 2025-ci ildə 40 şəhid ailəsi üzvü səyyar sosial xidmətdən yararlanıb.

2019-cu ilin noyabrın 1-dən etibarən ümumilikdə 818 uşaq övladlığa verilib. Onlardan 149-u ötən il övladlığa verilən uşaqlardır. “Himayədar ailə” qayğı modeli çərçivəsində isə 40 uşaq himayədar ailələrə verilib.

Sosial layihələr çərçivəsində 2025-ci il ərzində 30 şəhər və rayonda yaradılan günərzi qayğı mərkəzlərində 900 uşağa sosial xidmət göstərilib. 27 şəhər və rayonda fəaliyyət göstərən sosial reabilitasiya mərkəzlərində isə 1400-dək vətəndaş müvafiq xidmətlərə cəlb edilib.

Artıq 4 ildir ki, icra olunan layihə çərçivəsində Ukraynadakı müharibədən əziyyət çəkmiş uşaqların sosial-psixoloji reabilitasiyası da həyata keçirilir. Ötən il 4 qrup olmaqla ümumilikdə 132 uşaq ölkəmizə gətirilərək reabilitasiya xidmətlərinə cəlb edilib. 2022-ci ildən bu günədək isə 360 uşaq ölkəmizdə reabilitasiya xidmətlərindən yararlanıb.

Qeyd edilib ki, ötən il agentlik tərəfindən 2 mühüm layihənin icrasına başlanıb. Sosial Xidmət Xəritəsi və “Sosial işin idarə olunması” elektron sistemi şəffaflıq, əlçatanlıq və səmərəliliyin daha da artırılması məqsədi daşıyır. Bu rəqəmsal həllər sosial xidmətlərə ehtiyacı olan həssas əhali qrupları üçün vaxt itkisinin və əlavə müraciət prosedurlarının minimuma endirilməsinə xidmət edir.

Seçilən
59
1
azerbaijan-news.az

2Mənbələr