Misli Premyer Liqasında mövqeyini qorumağı əsas hədəf kimi müəyyənləşdirən “Karvan-Yevlax” rəhbərliyi mövcud vəziyyətin məsuliyyətini və ağırlığını tam şəkildə dərk edir. Klubun prezidenti Şahmar Vəliyevin strateji yanaşması və prinsipial mövqeyi fonunda son dövrdə atılan addımlar məhz bu məqsədə xidmət edir. Komandanın gələcəyi ilə bağlı qərarların vaxtında və düşünülmüş şəkildə verilməsi rəhbərliyin prosesə nə qədər həssas yanaşdığını göstərir.
Baş məşqçi Azər Həşimovla yolların ayrılmasından sonra Füzuli Məmmədovun kritik durumda olan kollektivin “sükanı arxası”na gətirilməsi də bu baxımdan zəruri və məqsədyönlü addım kimi dəyərləndirilir. Paralel olaraq, prezident Şahmar Vəliyevin təşəbbüsü ilə futbol sahəsində daha əvvəl birbaşa fəaliyyət göstərməyən Elvin Əjdərlinin “İmişli” ilə çempionat matçına üç gün qalmış klubun icraçı direktoru postuna təyin olunması rəhbərliyin vəziyyətdən çıxış üçün fərqli idarəetmə modelinə üstünlük verdiyini göstərdi.
Altı xalla turnir cədvəlinin son pilləsində yer alan debütant komanda üçün vəziyyətin nə qədər mürəkkəb olduğu hər kəsə məlumdur. Buna baxmayaraq, qısa müddət ərzində yeni kadrların iştirakı ilə klubdaxili proseslərdə nəzərəçarpacaq nizam-intizam və peşəkar yanaşma formalaşmağa başlayıb. Xüsusilə də, təzminat tələbi ilə gündəmdə olan Həşimov məsələsinin çempionat start götürməmiş həllini tapmasında yeni icraçı direktorun operativ və balanslı yanaşmasının mühüm rol oynadığı bildirilir.
İcraçı direktorun təyinatından sonra baş məşqçi Füzuli Məmmədovun da iş şəraitinin xeyli yaxşılaşdığı müşahidə olunur. Böyük məsuliyyət yükü altında çalışan mütəxəssis artıq diqqətini tam şəkildə məşq prosesinə və komandanın hazırlanmasına yönəldə bilir. Onun istəyi ilə yerli futbolçuların heyətə cəlb edilməsi, transfer prosesində operativ qərarların verilməsi və məşq üçün lazımi şəraitin yaradılması Füzuli Məmmədovun əzmkarlığını və peşəkar yanaşmasını daha da ön plana çıxarır.
Klub daxilindəki mənbələrin bildirdiyinə görə, Əjdərlinin rəhbərliyi ilə bütün şöbələr ciddi nəzarət altındadır, mövcud çatışmazlıqlar operativ şəkildə müəyyənləşdirilir və rəhbərliklə məşqçi heyəti arasında əlaqələndirici körpü funksiyası ardıcıl şəkildə icra olunur. Bu isə komandanın üzərindəki əlavə təzyiqlərin azalmasına, iş mühitinin daha sağlam formalaşmasına şərait yaradır.
İndi əsas sual ondan ibarətdir ki, atılan bu addımlar “Karvan”ın elitada qalması üçün yetərli olacaqmı? İki legionerlə yolları ayırıb üç yerli futbolçu ilə heyəti gücləndirən bölgə təmsilçisi qarşıya qoyulan məqsədə çata biləcəkmi? Cavabı zaman göstərəcək. Hazırda isə diqqətlər yeni icraçı direktorun rəhbərliyi altında idarəçilikdə yaranan stabilliyə və Füzuli Məmmədovun artan özünəinamla meydanda görəcəyi işlərə yönəlib.
Nihat