BAKI, 20 yanvar. TELEQRAF
Avropa İttifaqı ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı iddiaları fonunda Vaşinqtona qarşı mümkün tədbirləri müzakirə edir.
Teleqraf xəbər verir ki, "Politico" nəşri diplomatik mənbələrə istinadən bildirib ki, Brüsseldə yanvarın 18-də keçirilən görüşdə Aİ-yə üzv 27 ölkənin nümayəndələri ABŞ-nin Qrenlandiya üzərində nəzarəti ələ keçirməyə yönəlmiş addımlarının qarşısının alınması yollarını müzakirə ediblər.
Məlumatda qeyd olunur ki, Avropa ölkələrinin əksəriyyəti cavab tədbirlərinə keçməzdən əvvəl mövcud ziddiyyətlərin diplomatik yollarla həllini üstün tutur. Eyni zamanda, bəzi üzv dövlətlər ABŞ tərəfindən təzyiqlərin davam edəcəyi halda sərt iqtisadi və siyasi addımların qaçılmaz olacağını bildirirlər.
Xatırladılır ki, Qrenlandiyanın ABŞ tərəfindən əldə olunması ideyası Vaşinqtonda hələ XIX əsrin sonlarından müzakirə edilib, lakin bu mövzu xüsusilə Donald Trampın 2025-ci ilin yanvarında ikinci dəfə prezident postuna gəlməsindən sonra yenidən gündəmə gəlib. Tramp 2025-ci ilin martında Qrenlandiyanın anneksiya edilə biləcəyini istisna etməyib, may ayında isə "NBC News"a müsahibəsində bu məqsədlə güc tətbiqinin mümkünlüyünə eyham vurub.
Avropanın bir sıra liderləri Trampın bu mövqeyinə açıq şəkildə etiraz ediblər. Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, İspaniya və Polşa rəhbərləri yanvarın əvvəlində Danimarka və Qrenlandiya xalqına tam dəstək ifadə edərək bildiriblər ki, Qrenlandiyanın taleyi yalnız Danimarka və adanın əhalisi tərəfindən müəyyən edilə bilər. Onlar Arktikada təhlükəsizliyin beynəlxalq hüquqa, suverenlik və ərazi bütövlüyü prinsiplərinə uyğun şəkildə, NATO müttəfiqləri ilə birgə təmin edilməli olduğunu vurğulayıblar.
Finlandiya, Norveç, Almaniya, Niderland, Polşa və Danimarka rəsmiləri də analoji mövqe sərgiləyərək NATO daxilində münaqişələrin alyansın mənasını itirməsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər. Qrenlandiya hökumətinin rəhbəri isə bəyan edib ki, ada nə satılmaq, nə də kənardan idarə olunmaq istəyir və seçim qarşısında qalarsa, Danimarkanı üstün tutar.
Bununla yanaşı, yanvar ayında bir sıra Avropa ölkələri “Arktik dayanıqlıq” adlı təlimlər çərçivəsində Qrenlandiyaya hərbi kontingent göndərib. Bu addım Arktikada NATO-nun mövqelərinin möhkəmləndirilməsi məqsədi daşıyıb. Cavab olaraq Donald Tramp Danimarka və digər Avropa ölkələrinə qarşı 10 faiz idxal rüsumu tətbiq ediləcəyini açıqlayıb və bu rüsumların Qrenlandiya ilə bağlı razılaşma əldə olunana qədər qüvvədə qalacağını bildirib.
Avropa Komissiyası və bir sıra Aİ ölkələri bu qərarın transatlantik münasibətlərə zərbə vurduğunu bəyan edib. Avropa Parlamenti isə ABŞ ilə ticarət sazişinin ratifikasiyası prosesinin dayandırıldığını açıqlayıb. Bildirilir ki, Aİ hazırda ABŞ-yə qarşı 93 milyard avro həcmində mümkün cavab tədbirlərini nəzərdən keçirir, lakin əsas məqsəd qarşıdurmanı diplomatik yollarla həll etməkdir.