AZ

Peşə hazırlığı - gələcəyə hesablanmış dövlət siyasəti

Bir vaxtlar məşğulluq anlayışı daha çox mövcud iş yerlərinin sayına və kəmiyyət göstəricilərinə söykənirdi. Bu gün isə əmək bazarının əsas çağırışı keyfiyyətli insan kapitalının formalaşdırılmasıdır. Qlobal iqtisadi proseslər, texnoloji yeniliklər və istehsal münasibətlərindəki dəyişikliklər artıq işaxtaran şəxsdən yalnız əmək qabiliyyəti deyil, çevik düşüncə, peşə bacarığı və bazar tələblərinə uyğunlaşmanı tələb edir. Bu reallıq fonunda ənənəvi məşğulluq yanaşmaları ilə müasir aktiv məşğulluq siyasəti arasında ciddi fərqlər var.

Əgər əvvəlki dövrlərdə işsizliyin azaldılması əsasən sosial yardım mexanizmləri üzərindən həyata keçirilirdisə, bu gün dövlət siyasətinin mərkəzində insanın özünü reallaşdırması, peşə potensialının inkişafı və rəqabətqabiliyyətli işçi qüvvəsinin hazırlanması dayanır. Məhz bu baxımdan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan məşğulluq strategiyası passiv dəstək modelindən aktiv məşğulluq modelinə keçidi təmin edir. Bu model işsiz və işaxtaran şəxslərin yalnız sosial müdafiəsini deyil, eyni zamanda onların dayanıqlı gəlir mənbəyinə sahib olmasını hədəfləyir. 

Aktiv məşğulluq tədbirləri sırasında peşə hazırlığı xüsusi yer tutur. Çünki əmək bazarında mövcud olan real tələbatla işaxtaranların bilik və bacarıqları arasında yaranan uyğunsuzluğun aradan qaldırılması məhz peşə hazırlığı mexanizmləri vasitəsilə mümkündür. Bir tərəfdən işəgötürənlərin konkret ixtisaslar üzrə tələbləri öyrənilir, digər tərəfdən isə işsiz və işaxtaran şəxslərin potensialı həmin tələblərə uyğun şəkildə formalaşdırılır. Bu yanaşma əvvəlki illərdə tətbiq edilən ümumi və nəticəsiz kurslardan fərqli olaraq, birbaşa məşğulluğa yönəlmiş məqsədli hazırlıq modelini ortaya qoyur.

Beləliklə, məşğulluq siyasətində kəmiyyətin keyfiyyətlə əvəzlənməsi, sosial yardımın isə bacarıq və biliklə tamamlanması dövlətin insan amilinə verdiyi önəmin ən real nümunəsidir. Bu prosesdə peşə hazırlığı təkcə əmək bazarına uyğunlaşma vasitəsi deyil, eyni zamanda sosial rifahın, iqtisadi dayanıqlığın və cəmiyyətin inkişafının əsas dayaqlarından biridir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Agentliyi (DMA) nəzdində fəaliyyət göstərən 4 peşə hazırlığı mərkəzində (Bakı, Gəncə, Göyçay və Qarabağ), eləcə də Naxçıvan və digər dövlət və özəl peşə hazırlığı müəssisələrində sifariş əsasında əmək bazarı üçün işçi qüvvəsinin hazırlanması həyata keçirilir. Yazını hazırlayarkən Dövlət Məşğulluq Agentliyinin Peşə Hazırlığı Departamentində olduq. Departamentin müdiri Namiq Məmmədov bildirdi ki, ümumilikdə 2025-ci ildə DMA vasitəsilə 18 min nəfərdən artıq işsiz və işaxtaran vətəndaş peşə hazırlığına cəlb edilib. Məzun olmuş şəxslərdən 61,4 faiz işlə təmin olunub. Departament rəhbəri onu da qeyd etdi ki, agentlik tərəfindən təşkil edilən peşə hazırlığı kurslarına müxtəlif yaş və təhsil qrupları, həmçinin həssas kateqoriyadan olan insanlar cəlb edilir. 

Bu gün əmək bazarında tələblər çox sürətlə dəyişir və vətəndaşlarımız bu dəyişikliyə çevik reaksiya verməlidirlər, əks halda onların məşğulluğunun təmin edilməsi çətinləşir. N.Məmmədov bildirdi ki, 2025-ci ildə 3700-ə yaxın ali təhsilli müdavim peşə hazırlığına cəlb edilmişdir. Bundan əlavə, 1000 nəfərə yaxın sadəcə ibtidai təhsili olan vətəndaş bu kurslara yazılaraq müəyyən peşələrə sahib olmuşlar. "Həmin kateqoriyadan olan vətəndaşların əmək bazarına inteqrasiyasını təşkil etmək elə də asan deyil, çünki müasir dövrdə süni intellekt, texnoloji yeniliklər və robotlaşma əl əməyindən,  yaxud fiziki olaraq istehsal prosesində insanın iştirakını məhdudlaşdırır və belə şəraitdə həmin vətəndaşlara yeni istehsal və xidmət sahələri üzrə müvafiq bacarıqlar aşılamaqla yanaşı, onların müəyyən qədər texnoloji biliklərinin də artırılması üçün əlavə tədbirlər həyata keçirilməlidir. Və yalnız bundan sonra bu vətəndaşlar əmək bazarında rəqabətli ola bilirlər", - deyə həmsöhbətimiz qeyd etdi.

Agentlik peşə hazırlığı dövründə əmək bazarının strukturunda baş verən dəyişikliklər zamanı yeni bilik və bacarıqların mənimsənilməsi zərurətini  nəzərə alaraq çevik və dəyişən prinsiplə fəaliyyət göstərir, xüsusən orta və yuxarı yaşlı əhalinin əmək bazarında dayanıqlı qalması üçün əlavə tədbirlər həyata keçirir. Bu məqamda faktlara müraciət etmək yerinə düşər: 2025-ci ildə peşə hazırlığına cəlb edilən 18 mindən çox vətəndaş arasında 9475 nəfəri 15-29, 7700 nəfərdən artıq vətəndaş 30-50, 1130 nəfəri 50-64 yaş arasında olub. Həmçinin əlilliyi olan 500-ə yaxın şəxsin peşə hazırlığına cəlb edilməsi, 300-dən artıq müharibə veteranının, cəzaçəkmə müəssisəsindən azad olunan 50-dən çox vətəndaşın peşə hazırlığına cəlb edilməsini də nəzərə alsaq deyə bilərik ki, bu, 2025-ci il üçün uğurlu nəticədir. Ümumiyyətlə, ötən il agentliyin peşə hazırlığı müəssisələrində  85 ixtisas üzrə kadr hazırlığı aparılıb. 

Bu gün gənclər arasında informasiya texnologiyaları (İT) üzrə peşələrə maraq gündən-günə artır. Təbii ki, agentlik bunu da nəzərə alır. Eyni zamanda "Böyük qayıdış" proqramı çərçivəsində hazırda Qarabağda yaradılan sənaye kompleksləri, azad iqtisadi zonalarda fəaliyyət göstərən müəssisələr üçün də kadr hazırlığı istiqamətində müvafiq işlər görülür. Bu prosesdə xüsusən Qarabağ Peşə Hazırlığı Mərkəzinin rolu danılmazdır. Hazırda mərkəz həm qabaqcıl təlim müəssisələri, həm də yerli işəgötürənlərlə birgə proqramlar həyata keçirir. Ümumilikdə 2025-ci ildə "Böyük qayıdış" proqramı çərçivəsində peşə hazırlığına cəlb edilən 356 məzunun  əksəriyyəti işlə təmin olunub. Yeri gəlmişkən bildirək ki, bu gün agentliklə birgə həyata keçirilən təlimlərin məzunlarının 65 faizə yaxını əmək bazarında iş tapmaq imkanı qazanır. 

Departamentin rəhbəri onu da qeyd etdi ki, hazırda agentliyin əsas hədəflərindən biri də qeyri-formal peşə bacarıqlarının tanınması, İT, "yaşıl enerji" və gələcəyin peşələri istiqamətində kadr hazırlığının genişləndirilməsi, regionlarda peşəkar təlim müəssisələrinin yaradılmasına dəstək verilməsi, iri işəgötürən təşkilatlarla birgə kadr hazırlığı proqramlarının həyata keçirilməsidir. 2026-cı ildə isə əsas hədəflər peşə hazırlığı sahəsində kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsi, regionlarda təlim imkanlarının genişləndirilməsi, müasir özəl peşə təlimi müəssisələri ilə birgə layihələrin həyata keçirilməsi arealını artırmaq, yeni proqramların istifadəyə verilməsi, əmək bazarının təhlili nəticəsində tələbatı yüksək olan peşələr üzrə yeni təlim proqramlarının yaradılmasıdır.

Bakı Peşə Hazırlığı Mərkəzi Dövlət Məşğulluq Agentliyinin nəzdində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Mərkəzin əsas fəaliyyəti işsiz və işaxtaran şəxslərə müvafiq bilik və bacarıq aşılamaqla qısa müddət ərzində əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasını həyata keçirmək və məşğulluğun təminatına dəstək verməkdir. 

Bakı Peşə Hazırlığı Mərkəzində də olduq. Mərkəz ölkənin Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Lənkəran-Astara və Şirvan-Salyan iqtisadi rayonlarını əhatə edir. Burada regionlar üzrə işəgötürənlərin tələblərinə uyğun, işəgötürənlərin sifarişi əsasında ödənişsiz, adambaşına maliyyələşmə prinsipi əsasında peşə kursları təşkil olunur. Bu da öz növbəsində müasir iqtisadiyyatın və texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə işəgötürənlərin tələblərinə uyğun kadr hazırlığı üçün ən sürətli alətdir.

Mərkəzin direktoru Vüqar Xəlilov bizimlə söhbət zamanı qeyd etdi ki, peşə hazırlığına cəlb olunmaq istəyən şəxslər yaşadıqları ərazi üzrə məşğulluq filiallarına və ya DOST mərkəzlərinə yaxınlaşmaqla qeydiyyatdan keçirlər: "Burada karyera məsləhətçiləri tərəfindən şəxsin məşğulluq imkanları qiymətləndirilir və peşə hazırlığına uyğun tədbir müəyyənləşərsə, peşə seçiminə dəstək göstərilir. Peşəyə cəlb olunacaq şəxslərin müvafiq ixtisaslar üzrə nəzəri və praktiki olaraq hazırlanması məqsədilə əmək bazarının tələblərinə uyğun təlimçilər cəlb edilir. Tədris müddətində müdavimlərə təqaüd ödənilir. Tədris müddəti başa çatdıqdan sonra isə iştirakçıların bilik və bacarıqları imtahan vasitəsilə qiymətləndirilir. Yekun qiymətləndirmə imtahanından uğurla keçən şəxslərə sertifikat təqdim edilir və onların işlə təmin olunmasına dəstək göstərilir".

Öyrəndik ki, daha çox tərəfdaşları proseslərə cəlb etmək üçün Bakı və regionlarda işəgötürənlərlə görüşlər keçirilir, "dəyirmi masa"lar, yarmarkalar təşkil olunur, mərkəzin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilir. Bu görüşlər vasitəsilə müəssisələrin kadr ehtiyacı müəyyənləşdirilir və buna uyğun peşə kurslarının təşkili istiqamətində əməkdaşlıq edilir. Artıq bir sıra dövlət qurumları və özəl sektora daxil olan yüksək reytinqli şirkətlərlə birgə fəaliyyət barəsində razılaşmalar əldə olunub.   Mərkəz tərəfindən mütəmadi olaraq əmək bazarının aktual istiqamətlərinə uyğun olaraq 175 peşə-ixtisas sahəsi üzrə peşə kurslarının tədrisi həyata keçirilir. Bu siyahının təkmilləşdirilməsi məqsədilə işəgötürənlərin də tələbləri nəzərə alınmaqla müasir əmək bazarının təhlili aparılır, yeni ixtisaslarla bağlı  təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Söhbət zamanı V.Xəlilov vurğuladı ki, ötən il mərkəz tərəfindən ümumilikdə 313 peşə hazırlığı kursu təşkil olunub. Kurslara 3453 işsiz və işaxtaran şəxs cəlb edilib. Araşdırma zamanı müəyyənləşib ki, ötən illər ən çox ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar, bərbər-vizajist-manikürçü, kompüter operatoru, mühasib, dərzi, tikiş avadanlıqlarının operatoru, dərzi, qeydiyyatçı, insan resursları mütəxəssisi, ofisiant, sığorta agenti üzrə kadrlara əmək bazarında daha çox tələbat olub.

Bu məqamda bir məsələyə də xüsusi diqqət yetirmək yerinə düşər. Bakı Peşə Hazırlığı Mərkəzində sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlara dəstək məqsədilə xüsusi hazırlanmış proqram əsasında kurslar təşkil edilir. Məsələn, 2025-ci ildə mərkəzdə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi ilə birgə kompüter operatoru peşəsi üzrə iki peşə kursu təşkil olunub.

Fürsətdən istifadə edib kurslara cəlb olunan müdavimlərlə söhbət etdik. Nərgiz Cəfərova deyir ki, Bakının Nəsimi rayonunda yaşayır: "Hələ kiçik yaşlarımdan qənnadçılıq sahəsinə marağım olub. Özüm fərdi qaydada müəyyən şirniyyat məhsulları bişirsəm də, peşəkarlığım yox idi. DOST mərkəzinə müraciət etdim. Artıq bir aydır ki, kursa cəlb olunmuşam. Burada  ixtisaslı və təcrübəli mütəxəssislər bizi istehsala hazırlayırlar. Əminik ki, buranı bitirdikdən sonra işsiz qalmayacağıq. Hələ peşə hazırlığım davam edir. Bu işin digər üstün tərəfi də odur ki, peşə hazırlığı keçdiyimiz müddətdə bizə təqaüd də verilir. Bütün bunlara görə dövlətimizə minnətdarlığımı bildirirəm".

Aytac Əhmədova Biləcəri qəsəbəsində yaşadığını dedi: "Sentyabr ayında peşə hazırlığı üçün DOST mərkəzinə müraciət etdim. Dekabr ayında məni təlimə çağırdılar. Burada kremli qənnadı məhsullarının, tort və mayalı xəmirin hazırlanmasını nəzəri cəhətdən öyrənirik. Yaxın günlərdə "Azcake" şirkətində praktiki işə cəlb olunacağıq. Ümidvaram ki, peşəmə yaxşı yiyələndiyim üçün işlə təminatımda da problem olmayacaq".

Yasamal rayonunda yaşayan Elnarə Əliyeva deyir ki, peşə hazırlığına  cəlb olunmazdan əvvəl müsahibədən keçib: "Bizimlə fərdi qaydada söhbət aparıldı. Hansı sahədə məşğul olmaq arzumuz və müəyyən qədər təcrübəmizin olub-olmaması barədə məlumatlar öyrənildi. Məmnunam ki, peşə hazırlığına cəlb olunmuşam. Həftədə bir dəfə nəzəri kurslar, dörd gün isə praktik işlə məşğul oluruq. "Azcake" qənnadı şirkəti hazırlığımız üçün maddi vəsait xərcləyir. Bu da bizə göstərilən etimaddır. Yanvarın 23-dən "Azcake" şirkətinin şirniyyat sexlərində Şərq şirniyyatının, tort və digər qənnadı məhsullarının hazırlanmasını öyrənəcəyik".

Nəticə etibarilə müasir dövrdə məşğulluq anlayışı artıq sadəcə statistik göstəricilərlə ölçülmür, onun arxasında insan taleyi, peşə seçimi, özünüreallaşdırma və sosial rifah dayanır. Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi peşə hazırlığı proqramları sübut edir ki, düzgün planlaşdırılmış və əmək bazarının real tələblərinə söykənən aktiv məşğulluq siyasəti həm fərdin həyatında dönüş yaradır, həm də ölkənin iqtisadi inkişafına dayanıqlı töhfə verir. Bu model insanı sosial yardımın passiv obyekti kimi deyil, bilik və bacarığı ilə dəyər yaradan aktiv subyekt kimi formalaşdırır. Məhz buna görə də peşə hazırlığı təkcə məşğulluq aləti deyil, gələcəyə hesablanmış düşünülmüş dövlət siyasətinin, insan kapitalına verilən dəyərin və sosial ədalətin ən real ifadəsidir.

Elşən QƏNİYEV,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Seçilən
19
azerbaijan-news.az

1Mənbələr