AZ

“Azər-Türk Bank”da mənfəət azalır, kredit portfeli kiçilir… Bankın aqibəti necə olacaq?

Nizamnamə kapitalının 51%-i SOCAR-a məxsus olan “Azər Türk Bank” ASC-nin (ATB) xalis mənfəəti azalıb, gəlirlərin artım tempi məhdudlaşıb, kredit portfeli daha da kiçilib.

Yenilik.az xəbər verir ki, bu barədə məlumatı Marja.az yayıb. Məlum olub ki, 2,2 milyard manat aktivləri olan Bankdan cəmi 10,1 milyon manat qazanc götürülüb. Ötən il “Azər Türk Bank”ın cəmi gəlirləri 18 milyon 624 min manat artarkən, cəmi xərcləri 28 milyon 838 min manat artıb. Başqa sözlə, xərclərin artması gəlirlərin artmasını üstələyib ki, bu da mənfi tendensiyalardan biri sayıla bilər.
Həmçinin 2025-ci il ərzində “Azər Türk Bank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) də kiçilib.
ATB-nin xalis mənfəəti 10 milyon 131 min manat təşkil edib. Bu göstərici 2024-cü ildə əldə edilmiş 21 milyon 308 min manatla müqayisədə 11 milyon 177 min manat və ya 52,4 faiz azdır.
Qeyri-faiz gəlirləri isə 38 milyon 329 min manat təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 915 min manat və ya 2,3 faiz azalıb və ümumi gəlirlərin artım tempini qismən məhdudlaşdırıb.
2025-ci ilin sonunda “Azər Türk Bank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 787 milyon 352 min manat təşkil edib. Bu göstərici 2024-cü ilin sonu ilə müqayisədə 12 milyon 541 min manat və ya 1,6 faiz azalıb.
Xatırladaq ki, “Azər Türk Bank” ASC-nin nizamnamə kapitalının 24%-i Azərbaycan Respublikasına (Dövlət), 51%-i “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti”nə, 6,55%-i “AzRe Təkrarsığorta” ASC-yə, 5%-i “Qala Həyat Sığorta Şirkəti” ASC-yə, 12,37%-i “T.C. Ziraat Bankası” AŞ-yə və 1.08%-i “Ziraat Bank İnternational” AG-yə məxsusdur.
Qeyd edək ki, sözügedən bankın Müşahidə Şurasının sədri Əlixanov Ruslan, İdarə Heyətinin sədri vəzifəsini icra edən isə Həsənov Turaldır.
Seçilən
3
1
yenilik.az

2Mənbələr