AZ

"Bizə məlumat verdilər ki, bəs rus qoşunları şəhərə daxil olub"

Bu gün 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə ölkənin müxtəlif yerlərində şəhidlərin xatirəsi anılıb.

Milli.Az xəbər verir ki, anım mərasimlərindən biri də "20 Yanvar" metro stansiyasında keçirilib.

Səhər saatlarından etibarən stansiyada xüsusi sükut hökm sürüb. Metrodan istifadə edən sərnişinlər və şəhər sakinləri 1990-cı il yanvarın 20-də sovet qoşunlarının törətdiyi qırğın zamanı həlak olan şəhidləri ehtiramla yad ediblər.

Qatar maşinisti Cahil Həsənov 19-dan 20-nə keçən gecə iş başında olanlardan biridir. Onun sözlərinə görə, atışma səsləri gecə saatlarında eşidilib, yaralılar metro vasitəsilə daşınıb. Maşinistlər bütün təhlükələrə baxmayaraq, yaralıların və sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün səhərə qədər fasiləsiz işləyiblər:

"Gecə saat 11-də işimi qurtarıb evə gedəcəkdim. Bizə məlumat verdilər ki, bəs rus qoşunları şəhərə daxil olub. Metro saat 12-də bağlanır, amma dedilər ki, ola bilsin metro səhərə kimi işləsin və əlavə kömək lazımdır. Biz də etiraz eləmədik. Saat 12-yə yaxın atışma səsləri eşidildi. "Nərimanov" stansiyasına güllə yarası alan iki nəfər gətirildi. Bildirildi ki, Çapayev küçəsi və Tbilisi prospektində dinc sakinlərə atəş açılır, ölən və yaralananlar var. Məlumat dispetçerə ötürüldü və dörd maşinist hadisə yerinə göndərildik. Gecə atışmalar davam edirdi. "Dəmir yolu Texnikumu" yaxınlığında vurulmuş "İkarus" avtobusunu və yaralı qadını gördük. Ona kömək etmək istədikdə bizə də atəş açıldı, bir müddət sonra yaralını götürərək "Nərimanov" stansiyasına gətirdik. Daha sonra "İçərişəhər" istiqamətində çoxlu sərnişinin olduğu bildirildi. Stansiyaya daxil olmaq mümkün olmadığından, tunellə qaçan sərnişinlər maşinist kabinəsindən qatar salonuna yerləşdirildi. Bütün təhlükələrə baxmayaraq, səhərə kimi fasiləsiz işlədik".

Mina Mikayılova
Milli.Az

Seçilən
51
1
milli.az

10Mənbələr